“Məğrur gəncliyimizin sayəsində sabahımıza ümidlə baxırıq”

“Belə gəncliyi olan ölkənin torpağı tapdaq altında qalmamalıdır”

“Ordumuzun yaxın “gələcəkdə bizə qələbə sevincini yaşadacağına inanıram”

“Biz hər birimiz indi ali baş komandanın əsgəriyik və döyüş əmrinə hazırıq”



Məlum həqiqət bu günlərdə bir daha təsdiqləndi- Azərbaycan gəncliyi torpaqlarının azad olunması üçün döyüşə hazırdır. Yuxarı sinif şagirdləri, tələbələr hətta təhsillərini yarımçıq qoyub cəbhəyə yollanmağa, əllərində silah döyüşməyə hazırdırlar. Onları buna vadar edən torpaq həsrəti, vətən sevgisidir. Xüsusilə sevindirici məqam ondan ibarətdir ki, indi mərd oğullarımız kimi qızlarımızın da yeganə qayğısı işğal altında olan torpaqlarımızla bağlıdır. 


  Aprel döyüşlərinin iştirakçısı, Qarabağ müharibəsi əlili Əhliyət Mehdiyev “Sherg.az”a açıqlamasında cəmiyyətimizin hərbi-vətənpərəvrlik ruhundan danışıb: 

“2010-cu ildə Mübariz İbrahimovun qəhrəmanlığından sonra postlardakı bütün əsgərlərimiz Mübariz olmağa, onuntək məğrur xidmət etməyə başladılar. 2016-cı ildə Qarabağı görməyən gənclərimiz belə, Qarabağ uğrunda savaşa girmək istəyirdilər. Bu, gendən, mənəvi-tarixi bağlılıqdan gələn duyğudur. Biz indi yenə həmin hadisələrin şahidi oluruq.

Yüz minlərlə gənc döyüşə hazır olduğunu bildirib, Səfərbərlik və hərbi xidmətə çağırış dövlət xidmətinə, Müdafiə Nazirliyinə könüllü müraciət edib. Biz həmin gənclərlə tez-tez görüşürük.

Onların arasında yüzlərlə Mübariz, Fərid, Raquf, Polad...var. Odur ki, məğrur gəncliyimiz sayəsində sabahımıza ümidlə baxırıq. Belə gəncliyi olan ölkənin torpağı tapdaq altında qalmamalıdır.

Ordumuzun yaxın gələcəkdə bizə qələbə sevincini yaşadacağına inanıram. Biz hər birimiz indi ali baş komandanın əsgəriyik və döyüş əmrinə hazırıq. Torpaqlarımızı azad etmək və tarixi qələbə uğrunda lazım gələrsə, candan keçmək hər birimizin mənəvi borcudur”.