20 faiz əhaliyə yetərlidir

Böyük əhali qrupunun vaksinasiyasına ehtiyac qalmayacaq

İlk olaraq həkimlər, müəllimlər, ictimai nəqliyyat sürücüləri və metro işçiləri peyvənd olunmalıdır

Dünən Koronavirusla Mübarizəyə Dəstək Fondunun (KMDF) İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclas keçirilib. İclasda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, ölkəmizdə koronavirusla mübarizə istiqamətində tədbirlər öz nəticəsini göstərib.

  Azərbaycanda koronavirusa qarşı peyvəndin kimlərə vurulacağı ilə bağlı strategiya hazırlandığını qeyd edən TƏBİB sədri əlavə edib ki,  hazırda Azərbaycan koronavirusa qarşı peyvəndlə bağlı həm ikitərəfli, həm də çoxtərəfli danışıqlar aparır: "Dünyada doqquz şirkət peyvənd hazırlığının üçüncü mərhələsindədir. Həmin peyvəndlərdən hansı beynəlxalq səhiyyə qurumları tərəfindən təsdiq olunacaqsa, Azərbaycan da vaksini tətbiq edən ilk ölkələr sırasında olacaq. Aparılan araşdırmalara əsasən, ilkin mərhələdə əhalinin 20 faizinə koronavirusa qarşı vaksinin vurulması epidemioloji vəziyyətə müsbət təsir göstərə bilər. Vaksinlərlə bağlı Azərbaycanda iki istiqamətdə iş aparılır".

Mövzu ilə bağlı açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq"ə açıqlamasında qeyd edib ki, müəyyən qrup insanların vaksinasiya çox mühümdür:

"İlk olaraq, birbaşa böyük əhali kütləsi ilə təmasda olan şəxslərin vaksinasiya olunmasına ehtiyac var. Həmin kateqoriyaya həkimlər, müəllimlər, ictimai nəqliyyat sürücüləri və metro işçiləri daxildir. Çünki bu kontingentdən olan insanların xəstə olması ətraf üçün təhlükə yaradır. Risk qrupuna daxil olan başqa kateqoriyaların ilk növbədə vaksinasiyası təxminən 20 faiz əhaliyə yetərlidir. Nəzərə alaq ki, xeyli insanda  remunizatsiya var. Artıq kollektiv immunitet formalaşıb. Bu baxımdan düşünürəm ki, böyük əhali qrupunun vaksinasiyasına ehtiyac qalmayacaq".