Əhaliyə çağırış ! – “İndi hər kəs əsgərdir, hərbi sistemə uyğun davranmalıyıq” 

Cəbhədən, demək olar, hər gün bir qələbə xəbəri gəlir. Ordumuz yeni torpaqları azad edərək bizi sevindirir. Və bu, hər birimizdə, bütün cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaradır. Sevincimizi sevdiklərimizlə bölüşməyimiz, qeyd etməyimiz də təbiidir.

Amma gərək diqqətli olaq ki, sevincimiz yarımçıq qalmasın. Necə deyərlər, qaş düzəldərkən göz çıxarmayaq. Çünki müvafiq qurumların xəbərdar etdiyi kimi, terror təhlükəsi gözlənilir. Düşmənin məkri, acizliyi hər halda hər kəsə məlumdur.

 Keçmiş polis rəisi Mahmud Hacıyev “Sherg.az”a açıqlamasında bu barədə əhaliyə çağırış edib:

“Heç kim terrordan sığortalanmayıb. Hətta dünyanın ən böyük ölkələrində, o cümlədən Böyük Britaniyada, Fransa da belə hadisələr olur. ASALA dünyanın ən qəddar terror təşkilatlarından biridir.

Onların yaradıcı isə ermənilərdir. Təəssüf ki, bizim belə qərb qonşularımız var.

Deməli, diqqətli, soyuqqanlı, məsuliyyətli olmalıyıq. Müharibə həm də arxa cəbhədə gedir. Yəni biz hər birimiz indi əsgərik, hərbi sistemə uyğun davranmalıyıq”.