Şəhid mayorun general müəllimi:“Müharibə başlayanda mənə mesaj göndərmişdi...” - Ciyərimiz yandı!

Məşhur türk şairi Nazim Hikmətin çox sevdiyim misrası var:
 “Bəlkə, bəxtiyarlıq deyil, boynunun borcudur, fəqət, düşmənə inad bir gün artıq yaşamaq”.

 Sentyabr ayının 27-dən etibarən ərazi bütövlüyümüzün bərpası uğrunda başlayan İkinci Dağlıq Qarabağ müharibəsində hərbçilərimiz elə hünərlə, mərdliklə vuruşurlar ki...Onlar məhz şairin dediyi kimi, düşmənə inad son nəfəslərinədək mübarizə aparırlar. Bir əsgərimiz, zabitimiz qarşılığında düşmənin 50-60 əsgəri məhv edilir. Amma şəhidlərimiz də olur. Bu, müharibənin yazılmamış qanunudur. Bir neçə gün əvvəl şəhadətə qovuşan mayor Aqşin İbadov da eyni ilə məlum marşda deyildiyi kimi, düşmənə baş əymədi, sonadək vuruşdu və şəhid oldu.



 Aqşin Türkiyədə təhsil almışdı. Bu barədə Türkiyənin Milli Müdafiə universitetinin müəllimi, beynəlxalq təhlükəsizlik üzrə mütəxəssis, təqaüdçü general Osman Qazi Kandemir özünün “Facebook” səhifəsində yazıb. O, şəhidimizə dərs dediyini və üç ay əvvəl məzun edərək Azərbaycana yola saldığını bildirib. General Aqşin İbadov barədə daha ətraflı “Sherg.az”a danışıb: 

“Aqşin təmiz ürəkli, savadlı, ağıllı və çalışqan zabit idi. Əvvəllər Türkiyədə heç olmamasına rəğmən, Türkiyə türkcəsinə yaxşı bələd idi. Yaxşı danışır və anlayırdı. Dərslərdə çox fəal olurdu.

Əsgərlik mövzularından digər bütün mövzulara qədər fikrini sərrast, dəqiq ifadə edirdi. Xüsusilə beynəlxalq məsələlərlə bağlı gözəl fikirləri vardı. Kitab, məqalə, elmi yazıları çox oxuyurdu. İmtahanlardan aldığı qiymətlər də xeyli yüksəkdi. Ətrafı ilə münasibəti olduqca yaxşı idi. Türkiyəli zabitlərlərlə yaxın dost idi.

Onu tanıyanlar Aqşini özlərinə qardaş hesab edirlər. Azərbaycanın haqlı davasından danışmaqdan ötrü hər fürsəti dəyərləndirməyə çalışırdı. Yadımdadır, Xocalı soyqırımının il dönümündə bir təqdimat hazırladı və bütün digər ölkələrin zabitlərinin qarşısında həm 20 Yanvarı, həm Xocalını, həm də Dağlıq Qarabağ məsələsəni çox gözəl izah etdi. Türkiyədə təhsil alanda bir uşağı anadan oldu. İndi üç aylıqdır. Körpə atasını tanımadan böyüyəcək.



Aqşin deyirdi ki, Azərbaycan və Türkiyə birləşməlidir. Bu birləşmənin digər türk dövlətlərinin də həmin birliyə qatılması ilə nəticələnəcəyini düşünürdü. Vətən müharibəsi başlayanda mənə mesaj göndərmişdi. Həm müəllimləri, həm də dostları olaraq onun şəhadət xəbərini alanda kədərləndik, ciyərimiz yandı.

Bəzilərimiz göz yaşlarını saxlaya bilmədi. Fəqət inanırıq ki, Azərbaycan Aqşin kimi övladların sayəsində vətən torpaqlarını tez bir zamanda azad edəcək”.