Türkiyə Ombudsman təsisatının raportu ALQIŞLANDI:"Azərbaycandan yanadırlar”

“Ona görə haqqın və hüququn tərəfdarı olan Türkiyə də öz mövqeyini ortaya qoyub. Alqışlamaq lazımdır”

“Həm başqa türk dövlətlərinə, həm də Avropa ölkələrinə örnək olsun”

“Çünki həmin cinayətlər, Ermənistanın terror aktları bütün dünyanın gözü qarşısında baş verib”

İstər 44 günlük müharibə müddətində, istərsə də sonra daim yanımızda olan Türkiyədən növbəti qardaş dəstəyi gəlib. Türkiyənin Ombudsman təsisatı “Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı həyata keçirdiyi müharibə cinayətləri ilə bağlı xüsusi raport” hazırlayıb.

Sənəddə təcavüzkar Ermənistanın 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanda dinc əhaliyə və mülki infrastruktura qarşı həyata keçirdiyi hərbi hücumlara dair faktlar, raket və artilleriya zərbələri nəticəsində baş verən itkilər və dağıntıları əks etdirən həqiqətlər, bu proseslər zamanı törədilən hərbi cinayətlər qeyd olunub.

Bu həftədən başlayaraq sənəd Avropa İttifaqı ölkələrinin insan haqları komissiyalarına, həmçinin Türkiyə və dünyadakı insan haqları ilə məşğul olan təşkilatlara göndəriləcək.

Nəzərinizə çatdıraq ki, ötən ay Türkiyənin baş ombudsmanı  Şərəf  Malkoçun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. Bu zaman onlar Ermənistan hərbi qüvvələrinin törətdiyi cinayətlərlə bağlı həqiqətlərin canlı şahidi olublar.

Türkiyənin hazırladığı  məruzəni “Sherg.az” dəyərləndirən "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bu işin təqdirəlayiq olduğunu söyləyib:

“Türkiyə həmişəki kimi Azərbaycanın yanında olduğunu göstərdi. Qarabağ məsələsi başladığı gündən etibarən qardaş ölkə prezidentindən tutmuş adi vətəndaşına qədər bizimlədir.

Həmçinin hüquqi məsələlərdə də Azərbaycandan yanadır. Əlbəttə həmin raport ölkəmizin lehinədir. Bu növbəti dəfə qardaş olduğumuzu göstərir. Bundan əlavə söhbət insanlıq cinayətlərindən gedir. Ona görə haqqın və hüququn tərəfdarı olan Türkiyə də öz mövqeyini ortaya qoyub.

Alqışlamaq lazımdır. Həm başqa türk dövlətlərinə, həm də Avropa ölkələrinə örnək olsun. Çünki həmin cinayətlər, Ermənistanın terror aktları bütün dünyanın gözü qarşısında baş verib”.