Laçın bir güllə atmadan Azərbaycana qaytarıldı

Müharibədə qazandığımız şanlı qələbə 3 rayonun döyüşsüz bizə təhvil verilməsini təmin etdi

Bütün dünya bir daha gördü ki, Azərbaycan xalqı, Azərbaycan dövləti kimsəyə bir qarış torpağını güzəştə gedən deyil və getmədi

Azərbaycanın daha bir rayonu - Laçın erməni əsarətindən azad edildi və 28 illik həsrətə son qoyuldu. Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir. Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri var. Laçın şəhərinin yerini yazıçı Tağı Şahbazi Simurq seçib və bu adı da ona özü verib. Laçın sözü “məğrurluq” mənasını bildirir.

Yaxınlıqdakı dağın adına uyğun olaraq qoyulub. Laçın rayonu ermənilər tərəfindən 1992-ci il mayın 18-də işğal olunub və bununla Dağlıq Qarabağdakı quldur rejimin Ermənistanla avtomobil yolu əlaqəsi yaranıb. Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən işğalçılar rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər. İşğal nəticəsində Laçında bir şəhər, bir qəsəbə və 125 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub, 64 min nəfər məcburi köçkünə çevrilib.
Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi 28 il işğal altında qalıb. İşğal nəticəsində 1835 kvadrat kilometr ərazisi olan Laçın rayonundakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib və ya erməniləşdirilib. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Düşmən rayonun yüngül sənaye mərkəzlərini, kənd təsərrüfatı sahələrini yararsız hala salıb. 

Laçın 10 noyabrda Azərbaycan və Rusiya prezidentləri, o cümlədən məğlub Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən dekabrın 1-də Azərbaycana təhvil verilib. Məlumdur ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. İşğaldan azad olunan şəhər və kəndlərimizə, qəsəbələrimizə üçrəngli bayrağımızın ucaldılması ilə nəticələnən qırx dörd günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. İşğalçı erməni silahlı birləşmələri Ordumuz qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkiliblər. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur olub.

Beləliklə, 10 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırılıb. Bəyanatın altıncı bəndinə əsasən, 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarıldı. Vurğulamaq lazımdır ki, işğalçı Ermənistan silahlı qüvvələrinin Laçını tərk etməsinə Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları səbəb olub. 

Dünən Azərbaycan xalqına müraciət edən Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunmasını tarixi hadisə adlandırıb. Dövlət başçısı vurğulayıb ki, Laçın bir güllə atmadan Azərbaycana qaytarılıb və düşmən buna məcbur edilib: “Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq. Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir, rayonun zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri bizim milli sərvətimizdir. Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində mühüm rolu olacaq. İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq.

Əziz laçınlıları bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, gözaydınlığı verirəm. Laçın işğal olunanda bu rayonda təqribən 50 mindən bir qədər çox əhali yaşayırdı. İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. Əlbəttə ki, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas vəzifələrimizdən biri olacaq. Həmçinin biz çalışacağıq ki, keçmiş məcburi köçkünləri işğaldan azad edilmiş bütün digər rayonlarımıza qısa müddət ərzində qaytaraq”. 

Azərbaycan Ordusunun Laçın rayonuna daxil olması barədə məlumat Türkiyə kütləvi informasiya vasitələri tərəfindən dünyada baş verən ən mühüm hadisə kimi təqdim olunub. Qardaş ölkənin televiziya kanalları və xəbər agentlikləri, o cümlədən qəzetlərin elektron versiyaları Azərbaycanın işğalçı Ermənistan üzərində tarixi hərbi zəfərinin növbəti qələbəsi ilə bağlı anındaca məlumat yaymağa başlayıblar. Məlum təslimçilik razılaşmasına məcbur edilən Ermənistanın işğal etdiyi rayonlardan axırıncını tərk etməsi, o cümlədən qoşun birləşmələrimizin bölgəyə girməsi ilə bağlı geniş kadrlar yayılıb. Vurğulanıb ki, bu gündən prosesin yeni mərhələsi başlanır. Ermənilərin bölgəni tərk etməzdən əvvəl yaşayış binalarına, tarixi yerlərə və təbiətə qarşı törədilən amansız rəftarı barədə süjetlər yayan telekanallar baş verənləri vandalizm aktı kimi dəyərləndirib. Diqqətə çatdırılıb ki, eyni vəhşilik və vandallıq Ağdam və Kəlbəcər rayonları ərazisində təkrar olunub. 

Millət vəkili Müşfiq Cəfərov deyib ki, öz torpaqlarının bir qarışını da Ermənistana güzəştə getməyən şanlı ordumuz Laçının işğaldan azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Deputat bildirib ki, Laçın da Şuşa kimi mühüm hərbi-strateji əhəmiyyətə malik idi: “Şuşanın işğalı günü Laçın da güclü top və raket atəşinə məruz qalmağa başladı, demək olar ki, Şuşanın işğalı Laçının taleyini həll etdi. Bununla da Laçının işğalına yol açıldı. Xəyanət və məsuliyyətsizlik Dağlıq Qarabağın, bütünlükdə isə Azərbaycanın gələcək taleyi üçün mühüm əhəmiyyətə malik olan əzəmətli Laçını düşmənə təslim etdi. Beləliklə də Ermənistanla Dağlıq Qarabağ arasında dəhliz yarandı. Rayon işğal olunandan sonra sərvəti talan olunaraq Ermənistana daşındı, mədəniyyət ocaqlarımız, tarixi-memarlıq abidələrimiz, o torpaqlardan izlərimiz silindi. Şuşa və Laçın həmin günlər yalnız taleyin ümidinə qalmışdı. Ermənistan işğalçı siyasətini davam etdirərək, Laçın rayonunda coğrafi adları dəyişdirdi, rayonun təbii resurslarını talan etdi. Suriyadan olan erməni əsilli qaçqınları məskunlaşdırmaqla qeyri-qanuni əməllərlə məşğul olurdu. Nəhayət, bütün bu qanunsuzluqlara və təcavüzə son qoyuldu. Azərbaycan-Ermənistan dövlət sərhəddinin hər qarışında əsgərlərimiz dayanıblar, postlar qurublar. Müharibədə qazandığımız şanlı qələbə 3 rayonun döyüşsüz bizə təhvil verilməsini təmin etdi”. 
Politoloq Əhəd Məmmədli də vurğulayıb ki, həqiqətən böyük anların, tarixi hadisələrin canlı şahidiyik. Ekspertin sözlərinə görə, əslində çox strateji 3 rayonun döyüşsüz azad edilməsi dərindən düşünülmüş addımdır:

“Laçınla Kəlbəcər Ermənistanla həmsərhəd olduğu üçün döyüşlə bu iki rayonu azad etmək riskli olardı. Ermənistan öz ərazisindən bu iki rayona daxil olan qoşunlarımızı güclü atəşə tuturdu və düşmənlər rus qoşunlarının arxasında gizlənirdilər. Həmçinin Ermənistanın ərazisini atəşə tutsaydıq, bu, KTMT-nin məsələyə qarışması üçün bəhanə ola bilərdi. Ağdam isə Qarabağda ən güclü müdafiə xətti qurulmuş rayon idi. Ağdamı döyüşlə azad etmək bizim üçün kifayət qədər itkilərlə nəticələnə bilərdi. Laçın, Kəlbəcər, Ağdamın döyüşsüz azad edilməsi önəmli faktordur. Düzdür, tam döyüşsüz deyil, erməniləri buna rəşadətli ordumuz məcbur etdi. Üçtərəfli danışıqlar əsasında rayonlarımız bizə vaxtında təhvil verildi. İndi qaldı Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Qazaxın 7 kəndi. Deyilənə görə, 4 kənd artıq azad edilib. Üstəlik, Naxçıvanın Kərki kəndi də boşaldılıb. Bir-iki günə Türkiyə sülhməramlıları da Qarabağda yerləşməlidir. Bu ayın sonuna qədər tam şəkildə ərazi bütövlüyümüzü təmin etməliyik!”. 

Millət vəkili Eldəniz Səlimov isə bildirib ki, artıq təqvimdə 18 may qara tarixi yoxdur. Təqvimdə 1 dekabr, Zəfər günü var:

“Bu günü yazanlara minnətdar və borcluyuq. Allah cəmi Şəhidlərimizə rəhmət etsin, qarşılarında baş əyirik. Çox böyük tarixi anlar, günlər, hadisələr yaşayırıq. İndi yaşanan hadisələr haqqında yaxın gələcəkdə və sonrakı illərdə cild-cild kitablar, əsərlər yazılacaq, mahnılar, marşlar bəstələnəcək, filmlər çəkiləcək. Şükürlər olsun ki, bu günləri gördük, üzərimizdəki qara ləkəni silib ata bildik. Haqqımız olanı qanımızla, canımızla aldıq, geri qaytardıq. Bütün dünya bir daha gördü ki, Azərbaycan xalqı, Azərbaycan dövləti kimsəyə bir qarış torpağını güzəştə gedən deyil və getmədi. Dünyanın gözü qarşısında Azərbaycan adlı yeni tarix yazıldı. Hələ çox mümkünsüzləri mümkün edəcəyik, yeni qələbələrə imza atacağıq”.

Siyasi şərhçi Araz Aslanlı da qeyd edib ki, artıq kritik nöqtəyə gəlib çatdıq:

“Bundan sonrası bu günə qədərkindən daha yaxşı olmalıdır. Dövlət də, cəmiyyət də diqqətli, şüurlu və əzmli hərəkət etməlidir. Hərbi prosesin növbəti addımları diplomatik proseslə birlikdə ancaq uğura köklənməlidir. Riskləri böyük, imkanları kiçik dəyərləndirmək bizi uğursuz addımlara sövq edə bilər. Burada dövlətimizin strateji planlaşdırma və strateji qərar qəbuletmə qabiliyyəti önəmli olacaq. Ümid edək ki, o qabiliyyət yüksək səviyyədə olsun!”.