Fransa hazırda özünü demokratiyanın qatili kimi aparır

Universal dəyərləri bu dərəcədə kobud şəkildə “çeynəmək” və ayaqlar altına atmaq olmaz

Makronun Fransanın həmsədr statusunu davam etdirməyə cəhd göstərməsi siyasi reketlikdir

“Avropa Birliyi Gürcüstan və Ukrayna münaqişələrində Rusiyaya, Suriya, Liviya, Livan, Şərqi Aralıq dənizi və Qərbi Afrika cəbhələrində isə Türkiyəyə məğlub olandan sonra indi də özünün əsas aparıcı üzvünün - Fransanın timsalında Cənubi Qafqaz bölgəsində mövqelərini möhkəmləndirməyə çalışır”.

Bu sözləri “Şərq”ə açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri bildirib ki, Avropa Birliyi burada da eyni vaxtda iki ciddi rəqiblə - Rusiya və Türkiyə ilə üzləşməli olur:

“Fransa Senatının 25 noyabrda qondarma “dqr”in tanınması zərurəti barədə qətnaməni qəbul etməsini AB-nin Cənubi Qafqazda revanşı kimi, təşəbbüsü ələ almaq və proseslərin iştirakçısına çevrilmək cəhdi kimi də dəyərləndirmək olar.

Ancaq məşhur zərb-məsəldə deyildiyi kimi “daldan atılan daş” hazırda Fransanın və AB-nin öz “topuğuna” dəyir. Senatın məlum qərarı qəbul etməsi onsuz da 10 noyabrda imzalanan üçtərəfli Bəyanatın yaratdığı reallıqları dəyişmək iqtidarında deyil.

Tam əksinə, Senatın məlum qərarı Fransa-Azərbaycan və AB-Azərbaycan münasibətlərinə ciddi zərbə vurur. Üstəgəl, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi öz neytrallığını qoruya bilmədiyinə və münaqişə tərəflərindən birini - işğalçı Ermənistanı açıq-aşkar dəstəklədiyinə görə öz etibarını və həmsədrlik missiyasını davam etdirmək haqqını itirir”. 

Ə.Hüseynov vurğulayıb ki, işğalçını nümayişkaranə şəkildə müdafiə edən və separatçılığı dəstəkləyən bir ölkə heç bir halda vasitəçi ola bilməz: “Makronun Fransanın həmsədr statusunu davam etdirməyə cəhd göstərməsi siyasi reketlikdir.

BMT və ATƏT Makronun Fransanı “cəngəllik qanunları” ilə idarə etməsinə göz yummamalıdır. Həmçinin, AB-nin qlobal siyasətini formalaşdıran dairələr Fransanın islamafob, anti-Türkiyə və anti-Azərbaycan addımlarının son nəticədə Qərb dəyərlərini, demokratiya və ədalət prinsiplərinin gözdən düşməsini nəzərə alsınlar.

Universal dəyərləri bu dərəcədə kobud şəkildə “çeynəmək” və ayaqlar altına atmaq olmaz. Özünü “demokratiyanın beşiyi” sayan Fransa hazırda özünü demokratiyanın qatili kimi aparır”.