Şəhidlərimiz qiyamətə qədər qəlbimizdə yaşayacaq

Hər qarış torpağımızda onlara anım lövhələrinin yaradılması ən başlıca vəzifələrimizdən biri olacaq

Bakıdakı əsas məscidlərin bir neçəsində dekabrın 4-də  şəhidlərin anım mərasimi keçirilib. Həmçinin sinaqoq və kilsələrdə də mərasimlər təşkil olunub. Eyni zamanda bölgələrdəki məscidlərdə, sinaqoq və kilsələrdə də şəhidlər anılıb. Bununla yanaşı saat 12-də şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Xalqımız 2783 müqəddəs ruhun qarşısında baş əyib. O gün məscidlərdə şəhidlərin ruhuna dualar oxunub. 

Anım günü haqqında “Şərq”ə danışan şərqşünas Seyid Camal Əzimbəyli şəhidlərimizin məscidlərdə yad edilməsinin, ölkə başçısının Şəhidlər Xiyabanını ziyarətinin onların doğmalarına və ruhlarına böyük hörmət olduğunu söyləyib:

“Əslində müsəlman ölkəsinin nümayəndəsi olan hər kəsin öz şəhidinə ehtiram göstərməsi dinin təməl prinsiplərindədir. Düşünürəm ki, Azərbaycanda 30 ildir Qarabağın işğalda olması ilə bağlı xalqın üzərində mənəvi töhmət vardı. Bu töhmətin üzərimizdən götürülməsində cənab Prezident İlham Əliyevin və ordumuzun müstəsna xidmətləri var.

Mən Ali Baş Komandanı Qarabağın fatehi adlandırıram. Onun, müzəffər Azərbaycan Ordusunun xalqın üzərində əbədiyyətə qədər haqları var. Ən çox haqq sahibləri şəhidlərimiz və qazilərimizdir. Bu gün şəhidlərimizin anılması bizim dini və milli kimliyimizin göstəricilərindəndir.

Düşünürəm ki, qiyamətə qədər zəfərimizin memarı olan  şəhidlərimiz hər bir əməlimizdə, qəlbimizdə yaşayacaqlar. Hər qarış torpağımızda onlara anım lövhələrinin yaradılması ən başlıca vəzifələrimizdən biri olacaq.

Şəhadət kəfəninə bürünərək canlarını fəda etmiş şəhidlərimizi hər il bu gün anacağıq. Şəhidlərimizin adlarının yaşadılması hər birimizin başlıca vəzifələrindən birinə çevrilməlidir”.