Tanınmış jurnalist Azəriqaza etiraz etdi, qazını kəsdilər

Prezident İlham Əliyevin son illər həyata keçirdiyi addımlar nəticəsində dövlət qurumlarının fəaliyyətlərində xeyli inkişaf hiss edilsə də, bu sözləri təəssüf ki, Azəriqaz barədə demək mümkün deyil. Sözügedən qurum xüsusilə havaların soyuq vaxtında vətəndaşları incitməklə dövlətə qarşı böyük narazılığa səbəb olacaq addımlar atır.
"Sherg.az" xəbər verir ki, bu günlərdə havaların soyuması, yolların buz bağlaması və körpələrin, yaşlı və xəstəhal şəxslərin istiliyə ehtiyacı olduğu halda əksi yaşanmaqdadır. Məsələn, narazı şəxslərdən biri – Sosial Tədqiqatlar Mərkəzi Mətbuat Xidmətinin rəhbəri Əziz Əlibəyli də narazı qalan abonentlərdən biridir.
O uzun müddətdir ki, yaşadığı Sabunçu rayonu, Ramanı/ Şuşa şəhərciyində qaz təchizatından narazıdır. Tanınmış jurnalist bildirir ki, neçə müddət olar, ərazidə qazın verilişində problem var:

“Bu gün, həm də bu soyuq havada qazı o qədər azaldıblar ki, nəinki sobanı yandırır, ümumiyyətlə hava gəlir. Azəriqazin 104 çağrı mərkəzinə zəng etdikdən sonra qazın verilişi tamamilə dayandırıldı. Bu addımın heç bir mənası yoxdur. Yüzlərlə, minlərlə vətəndaşı soyuqda dondurmaqla narazı salan qurumların fəaliyyəti heç vaxt yüksək qiymət ala bilməyəcək. Vətəndaşların əksəriyyəti bu qurum barədə dövlət başçısına müraciət etməyi düşünür”.