QHT-lərin inkişafı önəmlidir

Vətən müharibəsində vətəndaş cəmiyyəti nə dərəcədə əhəmiyyətli struktur olduğunu isbat etdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmana dəyişiklik edilməsi ilə bağlı Sərəncam imzalayıb. Dəyişikliyə əsasən, fərmanda “fərdi elektron pəncərə” məlumat sistemində QHT-lərin qəbul etdiyi ianələrin məbləği, ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi və bu məlumatların Ədliyyə Nazirliyi reyestrinə daxil edilməsi öz əksini tapıb.

Həmçinin, qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən hər hansı dəyişikliklərin də dövlət qeydiyyatının aparılması tələbi qoyulub. Bir sözlə, bundan sonra QHT-lərin qəbul etdiyi ianələr barədə məlumatlar qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə daxil ediləcək. Ən əsası isə bütün prosedurlar elektron sistem əsasında həyata keçiriləcək. Əvvəllər sadəcə qrantların ayrılması və verilməsi ilə bağlı qanunla müəyyən edilmiş sənədlər elektron qeydə alınırdı. 

Nəzərdə tutulan dəyişikliyi “Şərq”ə təhlil edən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyib ki, Prezident İlham Əliyev vətəndaş cəmiyyətinin inkişafına prioritet kimi baxır. Onun sözlərinə görə, ölkə başçısının bütün fərmanlarında şəffaflığın və ictimai nəzarətin artırılması ön plana çıxır:

“QHT-lərin dövlətin elektron sistemlər xidmətindən daha çox yararlanması bütövlükdə qeyri-hökumət təşkilatlarının fəaliyyətinin genişlənməsinə və proseslərdə daha aktiv iştirakına zəmin yaradır. Bu sayədə işlər daha keyfiyyətli təşkil olunur, vaxt itkisinə yol verilmir, insan təması sıfıra enir, bürokratik süründürməçilik aradan qalxır. Buna görə ölkə Prezidentinə minnətdarlığımızı bildiririk. Əminik ki, QHT-lərə bundan sonra daha yüksək imkanlar yaradılacaq”.

R.Zeyni vurğulayıb ki, vətəndaş cəmiyyəti həm Birinci, həm də İkinci Qarabağ müharibəsində nə dərəcədə əhəmiyyətli struktur olduğunu isbat etdi:
“QHT-lər daxildə milli-mənəvi və demokratik dəyərlərin cəmiyyətə aşılanması, eyni zamanda Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm faktordur. Ona görə də QHT-lərin inkişafı önəmlidir və bu məsələdə hər zaman cənab Prezidentin dəstəyinə ehtiyac duyuruq”.