Küçə itləri yığışdırılsın: İmza toplanıb meriyaya təqdim olundu    

Bu gün Gürcüstanın Marneuli rayonundan olan bir qrup gənc, sahibsiz küçə itlərinin yığışdırılması ilə bağlı imza toplayaraq Marneuli bələdiyyəsinə müraciət ərizəsi təqdim ediblər.

24News.ge xəbər verir ki, sözügedən məsələ ilə bağlı imza, "İbrahim Gənclər Birliyi" tərəfindən toplanıb.

Onlar bildirir ki, imza toplamaqda əsas məqsədləri, Marneuli küçələrində sahibsiz gəzən küçə itlərinin sakinlərə verdikləri narahatçılığın aradan qaldırılmasıdır:

"Bu gün biz 100-dən artıq imza toplayaraq Marneuli bələdiyyəsinə müraciət edirik. Marneuli küçələrində gəzən sahibsiz küçə itləri rayon sakinlərini ciddi narahat edir və qorxudur. Biz, İbrahim Gənclər Birliyi olaraq, meriyaya müraciət edirik ki, küçədəki sahibsiz itləri yığışdırsınlar", - deyə birliyin üzvü Malik Ağayev qeyd edib.

Qeyd edək ki, son zamanlar Marneuli küçələrində kütləvi şəkildə gəzən sahibsiz küçə itlərinin vətəndaşlara tez-tez hücum etdiyi müşahidə olunur.