Pərvinin Türkiyədə yeni kitabı çap olundu - Foto

Bu günlərdə yazıçı-dramaturq Pərvinin “Hava limanı” kitabı Türkiyədə işıq üzü görüb.
Axşam.az xəbər verir ki, Türk Ədəbiyyatı Vəqfinin dəstəyi ilə Turay yayın evində ərsəyə gələn kitabda müəllifin “Xalis xilas”,  “Dəniz aptek”, “Ala qarğa”, “Yollar yorğunu”, “Serpantin”, “Hava limanı”, “Xəyanət”, “Kəfən pulu”, “Piqmalion”, “Avara bağı”, “Çarəsiz yalan” hekayələri və “Mən öləndə ağlama” monopyesi yer alıb. Sözügedən hekayələri və pyesi türkcəyə çevirib Türkiyədə geniş oxucu auditoriyasına təqdim edən Azərbaycan ədəbiyyatının yorulmaz və fədakar təbliğatçısı, istedadlı qələm adamı İmdat Avşardır.



Qeyd edək ki, müəllifin “Mən öləndə ağlama” lirik monotamaşası 2019-cu ilin payızında Türk dünyasının mədəniyyət paytaxtı, Qırğızıstanın Oş şəhərində keçirilən “Art – Ordo” VII Beynəlxalq Teatr Festivalında mükafata layiq görülüb, eyni zamanda 2020-ci ilin fevralında Türkiyədə Diyarbakır Mordem Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən Solo Beynəlxalq Teatr festivalında böyük pərəstiş və alqışla qarşılanıb. Geniş oxucu kütləsinin və izləyicilərin rəğbətini qazanmış əsərə gənc rejissor Ayla Bəhramqızı Gənc Tamaşaçılar Teatrının səhnəsində quruluş verib, pyesdəki Leyla obrazını isə istedadlı aktrisa Səbinə Məmmədova canlandırıb. Həmçinin ötən il Diyarbakırda Mordem Sənət Mərkəzinin yaradıcıları Savaş və Barış İşıq qardaşlarının təşəbbüsü ilə Pərvinin “Qadın” kitabının imza günü də baş tutub.

Azərbaycan mənəviyyatının başkəndi sayılan Şuşaya həsr olunmuş “Çarəsiz yalan”, müəllifin yaşam səbəbi olan yeganə övladının xilaskar missiyasından bəhs edən “Xalis Xilas”, qədim yunan  əsatirini əks etdirən “Piqmalion”, Qarabağ qazisinin yaşantılarının ən incə cizgilərinə qədər xatirəyəbənzər söhbət şəklində oxucuya təqdim edən “Yollar yorğunu” və digər hekayələrin türkiyəli oxucular tərəfindən maraqla qarşılanacağına inanırıq.

Xatırladaq ki, “Hava limanı” Pərvinin  “Anar dünyası”, “Balerin”, “Sevdim səni” və “Qadın” kitablarından sonra Türkiyədə işıq üzü görən beşinci kitabıdır.