Ehtiyatsızlığın qurbanları artır

Təhlükəli yerlərdə mütləq xəbərdarlıq nişanları olmalıdır

Martın 25-i axşam saat 7 radələrində Gədəbəy rayon Kərimli kənd sakini, 1969-cu il təvəllüdlü Hüseynov Şaiq Hüseyn oğlu elektrik cərəyanı vurması nəticəsində ölüb. Gədəbəy rayon prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri tədbirlər yerinə yetirilib.

Araşdırmalar nəticəsində Ş.Hüseynovun kənd ərazisində elektrik enerjisinin kəsilməsi səbəbindən transformatora müdaxilə edərkən elektrik cərəyanının təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.

Məsələyə münasibət bildirən təhlükəsizlik qaydaları üzrə ekspert Elmar Nurəliyev "Şərq"ə bildirdi ki, "Evdə işıqlar söndü, gedim elektrik dirəyinə çıxım düzəldim" kimi düşüncələr yanlışdır:

"Transformatordan gərginliyin artıb-azalması nəticəsində qığılcım, gərginliyin səsi gəlir ki, insanlar transformatorun ətrafına toplaşır, buna müdaxilə etmək istəyirlər. Ancaq bu, olduqca təhlükəlidir. Yaxud transformatorun içərisinə girib orada hər hansı təmir işlərinin aparılması yalnız xüsusi attestasiyadan keçmiş mütəxəssislər tərəfindən aparılır. İcazəsi olan şəxslər hər il attestasiyadan keçir və onlara yüksək gərginlikdə işləməyə icazə verilir. Yəni hər elektrikin belə transformatora girməsinə icazə yoxdur. Ancaq təəssüflər olsun ki, bəzən heç elektrik olmayan şəxslər öz həyat və sağlamlıqlarını təhlükəyə atırlar. İnsanların bu məsələdə daha diqqətli olması lazımdır".

Ekspert E.Nurəliyev elektrik təchizatı ilə bağlı qaydalara çox ciddi əməl olunmasını da qeyd etdi:

"Elektrik təchizatı ilə bağlı olan təhlükəsizlik qaydalarına çox ciddi yanaşılmalıdır ki, qəzalar, insanların ağır xəsarət almaları və nəticədə bədbəxt hadisələrin baş vermə riski olmasın. Transformatorların yerləşdiyi binaya daxil olmaq və ya ona toxunmağın həyat üçün nə dərəcədə təhlükəli olduğunu gərək insanlar başa düşsün. İnsanların təhlükəsizlik qaydalarını bilməməsi və yaxud təhlükəsizlik qaydalarına biganə yanaşmaqları sonda bədbəxt hadisələrə səbəb olur. Gərək aidiyyəti qurumlar da məsələyə ciddi yanaşsınlar.

Transformatorların yerləşdiyi binanda mühafizə zolağı təşkil olunmalı, içəriyə kənar şəxslərin rahat girişi məhdudlaşdırılmalıdır. İnsanların rahat görəcəyi yerdə xəbərdaredici traparetlər olmasını təmin etməlidir. "Yaxınlaşmayın, yüksək gərginlik var" və ya "Ehtiyatlı olun" kimi lövhələr vurmaqla insanları xəbərdar etmək olar.

Demək olar çox yerdə quraşdırılan transformatorlar hasara alınıb, kənar şəxslər içəri daxil ola bilmirlər. Ancaq hasara alınmayan yerlər də olduğundan, yaxud da qoruyucu hasar yararsız olduğundan insanlar üçün təhlükə yaranır. Xüsusən də uşaqlar üçün. Uşaqlar transformatorun ətrafında oynayır, hətta içərisinə daxil olur. Bu da sonda bədbəxt hadisəyə səbəb olur. Transformatorların yerləşdiyi binaya daxil olmaq və ya ona toxunmağın insan həyatı üçün nə dərəcədə təhlükəli olduğu izah edilməlidir. Adi elektrik cərəyanının insanı  vurması zamanı onun aldığı xəsarət hətta ölümə səbəb olur. Transformatorlarda isə adi elektrik xətlərindən dəfələrlə çox yüksək gərginlik olur ki, bunun da insana yetirəcəyi zərərin dərəcəsini düşünmək çətin deyil.

İdarə, müəssisələr, fabriklər və s. sahibkarlıq subyekləri də özlərinin quraşdırdığı transformatorları nəzarətsiz qoymalı deyil. Kənar insanların da təhlükəsizliyini nəzərə alıb transformatorları qoruyucu hasara almalıdırlar".