Valideynlər dönə-dönə düşünməlidir

Ailədaxili problemlər gəncləri özünəqəsdə sürükləyir

Onlar da intiqam almaq üçün ən yaxşı vasitənin intihar olduğunu düşünürlər


Mart ayının 29-u səhər saatlarında Sumqayıtda intihar hadisəsi baş verib. Belə ki, özünəqəsd edən 18 yaşlı Könül Misirli Sumqayıt Dövlət Universitetinin tələbəsi imiş. Məlumata görə, o, Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbdə təhsil alıb. Buraxılış imtahanında ən yüksək bal toplayaraq məktəb üzrə birinci yerə çıxıb. Azərbaycan Universitetlərinə qəbul imtahanında isə birinci ixtisas qrupu üzrə 618 bal yığıb.

İlkin məlumata görə, K.Misirli Bakıda universitetlərin birinə daxil olsa da, ailəsi onun paytaxta gedib-gəlməyinin çətin olacağını düşünərək qızın Sumqayıt Dövlət Universitetini seçməsini istəyib. Könül Misirli Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin birinci kurs tələbəsi olub. Əlaçı olan Könül həm də qrup nümayəndəsi imiş. Təhsil Nazirliyinin "Gələcəyin müəllimi təqaüdü"nə layiq görülüb. Bundan savayı, əlaçı olduğuna görə ona universitetin xüsusi təqaüdü də verilib.

Qeyd edilir ki, intihar etmiş tələbə dünən axşam saat 10 radələrində qrup yoldaşları ilə əlavə onlayn dərsdə də iştirak edib. K.Misirlinin martın 31-də 18 yaşı tamam olacaqdı.

Sözügedən hadisə ilə bağlı "Şərq"ə danışan psixoloq Lalə Əliyeva bildirdi ki, hazırkı intihar hallarının əksəriyyəti ailədaxili problemlərlə bağlıdır:

"Dəfələrlə intihar mövzusu ilə bağlı müzakirələr, maarifləndirmə tədbirləri aparılmasına baxmayaraq  günbəgün artan özünəqəsdlər azalmaq bilmir. Gəncləri intihara sürükləyən səbəb nədir? Nəyə görə məhz son çıxış yolu kimi intiharı düşünürlər?

Əslində bu problemin altında  çoxlu səbəblər var; uğursuz ailə, tənhalıq, nəzarətsizlik və s. İlk  növbədə təbii ki, ailədaxili problem dayanır. Yaxınları ilə yaranmış problemlər, valideynlərin övladları ilə düzgün formada münasibət qurmaması,  onun daxili aləmini nəzərə almadan övladına qadağalar, məhdudiyyətlər qoyması sonda valideyn-övlad münasibətində narazılıqlara gətirib çıxarır ki, nəticədə gənc problemin son çıxış yolunu ya evi tərk etməkdə, ya da intiharda görür.

Yeniyetmələr üçün intihara cəhd  bir növ kömək üçün çağırış, özünə diqqət cəlb etmək və ətrafdakıların diqqətini qazanmaq məqsədi daşıyır.

Bu hallara səbəb olan digər amil isə şəxsin öz həmyaşıdları ilə yaşadığı problemlər (alçaldıcı, qorxuducu münasibət) ola bilər.

Son zamanlar isə bu problemin daha  çox müzakirəsi, mövzu ilə bağlı aparılan televiziya verilişləri və insanlar arasında olan söhbətlər gənclərə təbii ki, əks təsir göstərir.

Diqqət yetirsək, intihar edən şəxslər arasında bu halın bir növ təqlidçilik xarakter daşıdığını görə bilərik. Ölümün ətrafdakılarını necə qorxutduğunu və bunun intiqam almaq üçün yaxşı vasitə olduğunu zənn edirlər.

Bu halların qarşısını almaq üçün əsas amil yenə ailə faktorudur. Ailə tərəfindən gənc dəstəkləndiyi halda, valideyn övladı ilə vaxt keçirdikdə, düzgün münasibət yarandıqda bu halların baş verməsi minimum səviyyəyə düşür".