Əfqanıstan Azərbaycan vasitəsi ilə Avropaya yaxınlaşacaq

Mart ayının 30-u Düşənbə şəhərində keçirilən "Asiyanın ürəyi - İstanbul prosesi" 9-cu Nazirlər Konfransı çərçivəsində Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qəni ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, Əfqanıstanın  Prezidenti Azərbaycanı böyük Qələbə münasibətilə təbrik edib və bu zəfərin beynəlxalq hüququn qalibiyyəti olduğunu vurğulayıb. Bu xüsusda, Məhəmməd Əşrəf Qəni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə xüsusi təbriklərini çatdırıb.  

Tərəflər Azərbaycan və Əfqanıstan arasında ikitərəfli münasibətlərin inkişafını məmnunluqla qeyd ediblər. "ASAN xidmət"in Əfqanıstanda fəaliyyətə başlaması və gələcəkdə bu xidmətin daha geniş sahələri əhatə etməsi niyyəti, ADA Universitetində gənc əfqan diplomatları üçün təlimlərin davam etdirilməsi, habelə Lapis-Lazuli beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.



Azərbaycan-Əfqanıstan əlaqələri haqqında danışan politoloq Elxan Şahinoğlu "Şərq"ə deyib ki, Azərbaycan bu münasibətləri yaratmaqla müharibəyə sürüklənən Əfqanıstana öz dəstəyini verməyə çalışır:

"Azərbaycan və Əfqanıstan dost ölkələrdir. Təəssüflər olsun ki, Əfqanıstan 40 ildən çoxdur ki, müxtəlif daxili və xarici müharibələrə cəlb olunub. Bu da onlara əlbəttə ki, mənfi təsir edir. Buna görə də dost və qardaş ölkələr, o cümlədən də Azərbaycan Əfqanıstana öz dəstəyini artır. Azərbaycan müxtəlif istiqamətlərdə onlara dəstək verir.

Əfqanıstan da Azərbaycanı Qarabağ müharibəsi zamanı birmənalı dəstəkləyən dövlətlər sırasında idi. 

Əfqanıstandan Türkmənistana nəqliyyat xətti var. İndi onlar çalışır ki, həmin nəqliyyat xətti Azərbaycan üzərindən keçib Avropaya da istiqamətlənsin. Yəni onların məhsulları Türkmənistan və Xəzər dənizi üzərindən Avropaya daşınsın.

Bu istiqamətdə müəyyən işlər görülüb. Lakin həmin layihənin genişləndirilməsinə ehtiyac var. Sonradan Əfqanıstana əlavə dövlətlər də qoşulacaq".