Bəs məscidlər niyə açılmır? - Tural İrfan yazır

Bir neçə gün öncə Milli Cəbhə Partiyasının sədri, dəyərli millət vəkili Razi Nurullayev məscidlərin açılmalı olduğunu vurğuladı. İlahiyyatçı olaraq mən də o fikri dəstəkləyirəm. Pandemiya şərtlərini çox təəssüf ki, çox zaman mütəxəssislər və həkimlər yox, aidiyyatı olmayan qurumlar və şəxslər müəyyən edir. Bu da ola bilsin dünyada gedən hansısa qaranlıq siyasətlərin nəticəsindədir. Ölkəmizdə də müəyyən qədər bu mövzuda pərakəndəlik var. Ümumiyyətlə, bir ölkədə iki səhiyyə qurumu gülüncdür. İki qoçun başı bir qazanda qaynamaz.

Çöldə insanları maskafa gəzməyə vadar edib, kafelərdə, marşrutlarda isə ağız ağıza durmağa məhkum edirlər. Sanki vurisla gizli müqavilə bağlanıb ki, toy məclislərində, məscidlərdə yoluxduracaq, amma avtobus və kafelərdə yoluxdurmayacaq... Əminəm ki, Operativ Qərargahın bircə nümayəndəsi də o basabas avtobuslara, tüstülü kafirlərə girmir, oturub öz təxti - rəvanında...

Əgər kafelər açıqdırsa şadlıq evləri niyə açılmır? Məscidlər niyə açılmır? Orucluq daxil olacaq yaxın günlərə. Heç olmasa əhalinin inancına hörmət qoymaq lazımdır. Kim deyir ki, ucdan tutma hamını buraxsınlar. Limit qoymaq olar, ibadətə daxil olanlar müəyyən sayda iştirak edər. Həmçinin şadlıq evlərində 40-50 nəfərlik toya izn verilə bilər. İnsanlar kəbin edib evlənə bilmir. Bu, gələcəkdə əhalinin sayının azalması ilə müşahidə olunacaq. 

Operativ Qərargahın nümayəndələrini, Təbibin üzvlərini kağız-kuğuzdan ayrılıb, yoluxma, sağalma rəqəm oyunundan əl çəkib xalqın içinə çıxmağa dəvət edirəm.

Əgər etmirlərsə məscidləri açsınlar, insanlar heç olmasa son nəfəsində gedib Allahla razü-niyaz etsinlər. Onsuz da ölənlərin çox ya həkim səhlənkarlığından, ya da səhiyyənin yartımazlığından ölür.

Təkcə məscidləri yox, bütün dini ibadətgahları, məscidləri, kilsələri, sinaqoqları, məfhilləri açmaq lazımdır. Allahdan qorxun!

Tural İrfan (Əhmədov) 

Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı