“Ərdoğanın Şuşaya səfərindən təbii bir şey yoxdur”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya səfər edəcək. O, bu barədə Türk Şurasının dünən baş tutan Zirvə toplantısında danışıb. R.T.Ərdoğan qeyd edib ki, səfər Ramazan bayramından sonraya planlaşdılır. Əlbəttə, sözügedən səfər bizi məmnun etməklə yanaşı, həm də düşmənə növbəti göz dağı olacaq.

Bizi istəməyənlər Azərbaycan və Türkiyənin xeyirdə də, şərdə də birlikdə olduqlarını yenə görəcəklər.

Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı Türkiyə dövlət başçısının Şuşaya planlaşdırdığı səfəri barədə fikirlərini “Sherg.az”la bölüşdü. Onun sözlərinə görə, bu, heç də təəccüblü deyil: 

“Yatmış təfəkkürlü insanlar Azərbaycanla Türkiyənin bir millətin iki dövləti olduğunu bilməlidirlər. Bunu dövlətlərimizin rəsmiləri, o cümlədən rəhbərləri də daim nəzərə alırlar. Müharibə göstərdi ki, tarix və taleyimiz bir-birimizin daxilindəki ictimai-siyasi proseslərə biganə yanaşmadığımız səviyyədədir. Müharibə dövründə Türkiyə hər an bizə mənəvi dəstək verdi, Prezident Rəcəb Tayyib Ərdoğan ölkə başçımızın həyəcanını bölüşdü. Qardaş ölkənin media mənsubları ölkəmizdə oldular, “qaynar nöqtə”lərdən reportajlar hazırladılar. Odur ki, Ərdoğanın Şuşaya səfərindən daha təbii bir şey yoxdur. Əlbəttə, onun mənəvi dəstəyi ilə  azad etdiyimiz Şuşada olması lazımdır. Üstəgəl, Ərdoğan Şuşanın Azərbaycan tarixindəki yerini, həmin ərazinin bizim mədəniyyət paytaxtı olduğunu bilir.

Ona görə də gəlməlidir. Və özünün dediyi kimi, Türkiyə bundan sonrakı proseslərdə-sülh dövründə də yanımızda olacaq, bərpa işlərində yaxından iştirak edəcək”.