ÜST Köməkçi Texnologiyalarla bağlı layihənin icrasına başlayır

ÜST-nin Azərbaycandakı nümayəndəsi, Ölkə ofisinin rəhbəri  Hande Harmanşının sədrliyi ilə baş tutan bugünkü konfransda Azərbaycan Hökümətinin Ümumdünya Səhiyyə Təşkilatı ilə razılaşması çərçivəsində Köməkçi Texnologiyalar (məs., təkərli oturacaqlar, eşitmə cihazları, protezlər, eynəklər və s.) sektorunun gücləndirilməsi layihəsi müzakirə edilib.

Layihənin məqsədi barədə danışan ofis rəhbəri deyib ki, bu sahədə xidmətimizin əsas elementi prioritet köməkçi vasitələrin milli siyahısının hazırlanmasında Azərbaycana texniki dəstək verməkdir.

Bunun doğru hazırlanmasında əhalinin köməkçi texnologiyalardan (KT) istifadəsi ilə bağlı mövcud vəziyyəti qiymətləndirmək vacibdir, və bunu təmin etmək üçün ÜST-nin hazırladığı “sürətli yardımçı texnologiya qiymətləndirməsi” (rATA, rapid Assistive Technology Assessment survey) sorğusu ilə məlumat toplama işini həyata keçirmək tələb olunur. Bir çox digər ölkələrdə olduğu kimi, ÜST ilə birgə rATA-nın tətbiqi gələcəkdə Azərbaycanda köməkçi vasitələrdən istifadə ilə bağlı daha effektiv dövlət siyasətinin formalaşdırılmasına və onun həyata keçirilməsinə kömək edəcəkdir. Eyni zamanda, layihə çərçivəsində aparılan işlər Azərbaycanın Ümumdünya Sağlamlıq Əhatəsi proqramının hədəflərinə çatmasına və BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Konvensiyasının öhdəliklərini yerinə yetirməsinə köməklik göstərəcəkdir.

Daha sonra qeyd edilib ki, bu gün dünyada 1 milyard insanın məhsuldar, inklyuziv və ləyaqətli bir həyat yaşaması üçün KT-yə ehtiyacı olduğunu bilirik, lakin onların hər 10 nəfərdən yalnız 1 nəfərinin ehtiyacı olduğu KT-dən istifadə etmək imkanı vardır. KT-dən istifadə bir çox insanın öz funksionallığını, sağlamlığını və rifahını qorumaq və yaxşılaşdırmaq, təhsil, iş və sosial fəaliyyətlərdə iştirak etməsi üçün zəruridir. Adətən KT-yə ehtiyacı olan insanların çoxu yaşlı insanlar, əlilliyi olan şəxslər, münaqişələr nəticəsində yaralananlar və xroniki xəstəliklərdən əziyyət çəkənlərdir. 44 günlük müharibədən sonra bir çox yaralı insanda əlilliyin inkişaf etməsini nəzərə alaraq Azərbaycanda KT-yə ehtiyacın daha da artmasını düşünülür.

Layihənin əsas məqsədi əhalinin köməkçi vasitələrdə qarşılanmış və qarşılanmamış mövcud ehtiyaclarını müəyyən etməkdir. rATA-nın 2021-ci ilin yanvar-dekabr ayları arasında aparılması nəzərdə tutulub.

Bu sorğunun nəticələri Azərbaycana əhalidəki KT-yə real ehtiyacı, qarşılanmamış ehtiyacları və buna olan maneələri anlamaq üçün məlumat verəcəkdir. ÜST tədqiqatın keçirilməsi üçün maliyyə və texniki dəstəyi təmin edəcəkdir.

ÜST-nin Ölkə ofisindən Vüqar Məmmədov layihə üzrə əlaqələndirici şəxsdir. Layihənin nəticələri 2022-ci ilə qədər hazırlanması planlaşdırılan ÜST-nin KT üzrə Qlobal Hesabatında digər ölkələrin də faydalanması üçün əks olunacaq.

Konfransda millət vəkilləri, müvafiq nazirliklərin nümayəndələri, təhsil müəssisələrinin təmsilçiləri və millət vəkilləri iştirak edib.

Millət vəkili,   Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin Sədri Zahid Oruc çıxış edərək, layihə barədə fikirlərini bölüşüb, prioritetlərlə bağlı vacib nüansları ifadə edib və BMT qurumu ilə əməkdaşlığın mühümlüyünə toxunub.