Rusiya müsəlmanları Həccə gedəcək

Zəvvarlar bu ölkənin istehsalı olan “Sputnik V” peyvəndini vurdururlar

Azərbaycan, eləcə də qardaş Türkiyə pandemiya səbəbindən builki Həcc ziyarətinin baş tutmayacağını elan etsə də,  Rusiya müsəlmanları müqəddəs məkanlara səfərə hazırlaşır.

Maraqlıdır, bu, necə mümkün olacaq? "RİA Novosti"nin xəbərinə görə,  Rusiya müsəlmanlarının Baş İdarəsi – Rusiya Müftilər Şurasının sədr müavini Ruşan Abbasov bildirib ki, ölkə müsəlmanları bu il Həcc ziyarətinə gedə biləcək. Səudiyyə Ərəbistanın Həcc ilə bağlı əsas şərti zəvvarların COVİD-19-a qarşı peyvənd olunmasıdır. Rusiya zəvvarları da bu ölkənin istehsalı olan “Sputnik V” peyvəndini vurdururlar.

Baxmayaraq ki, Ümumdünya Səhiyyə Təşkilatı Rusiya peyvəndini təsdiqləməyib. Müftilər Şurası ümid edir ki, zəvvarların məhz bu peyvənddən istifadə etmələri onların yolunu kəsməyəcək. Sədr müavini SƏ-nin ünvanına xoş sözlər deməkdən də çəkinməyib: “Səudiyyə Ərəbistanı Həcc məsələsində siyasi düşüncədən çıxış etmir, mövcud vəziyyətə görə hərəkət edir”. 

Qeyd edək ki, Türkiyə Diyanət İşləri Başkanlığı pandemiya səbəbindən bu il Ümrə ziyarətinə zəvvar göndərilməyəcəyini, Həcc ziyarətinin baş tutacağının da mümkünsüz göründüyünü bildirib.