Ərdoğanın baş müşaviri: “Dünyada Türküstanın dəyərlərinə ehtiyac var”

Yalçın Topçu:“Türk ölkələri arasında əməkdaşlıq bütün türk dünyasının faydasınadır”


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri və Qırğızıstan-Türkiyə Manas Universitetinin İdarə Heyətinin üzvü Yalçın Topçu Qırğızıstanın Türkiyədəki səfiri Kubanıçbek Ömüraliyevi və Qırğızıstanın sabiq mədəniyyət naziri Sadik Şer Niyazi Prezident İqamətgahındakı otağında qəbul edib. 

“Sherg.az” xəbər verir ki, Yalçın Topçu türk dünyasınin birliyinin, türk ölkələri arasındakı əlaqələrin genişlənməsinin zəruri olduğunu söyləyib: 

“Türkiyə və Qırğızıstan strateji ortaqlığa malik iki qardaş ölkədir. Önəmli məqam odur ki, iki ölkə arasındakı əlaqələrin genişlənməsi sadəcə Ankara və Bişkekin deyil, bütövlükdə türk aləminin və dünyanın xeyrinə, faydasınadır.

Qırğızıstan-Türkiyə Manas Universiteti bölgədə marka dəyəri olan önəmli bir təhsil ocağıdır. Bu ocağın türk ölkələri arasında əməkdaşlığın inkişafında mühüm rolu var.

Türk-İslam dünyasında mühüm bir model olan Kurmancan Datka Atamızın həyatından bəhs edən filmin yönətməni, bir çox beynəlxalq mükafatın sahibi, dəyərli dövlət və siyasət adamına, hörmətli Sadik Şer Niyazi beye və səfirimizə minnətdarlığımı bildirərm.

Hesab edirəm ki, mədəni ünsiyyət bütün sahələrdə yaxın əlaqələrin sehirli açarıdır. Dünya ölkələrinin Türküstanın dəyərlərinə ehtiyacı var.
Ümid edirik, hər kəs bu həqiqətin gec-tez fərqinə varacaq”.