Yeni saziş: “Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıq...”

Azərbaycanla Türkiyə arasında hərbi sahədə Birgə Komissiya yaradılır. Bu barədə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” sazişdə müddəa var. Saziş dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənib.

Sənəd 2017-ci il oktyabrın 31-də Bakıda imzalanıb. Sazişə Azərbaycan tərəfdən Müdafiə naziri Zakir Həsənov, Türkiyə hökuməti adından isə o vaxtkı Milli Müdafiə naziri Nurettin Canıklı imza atıb.

Sənəddə göstərilir ki,  Birgə Komissiyanın üzvləri Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin və Türkiyə Milli Müdafiə Nazirliyi Müdafiə Sənayesi Müşavirliyinin nümayəndələrindən ibarət olacaq. Komissiyada hər iki tərəfin bərabər sayda təmsil olunması nəzərdə tutulur.



Yeni sənədlə bağlı fikirlərini “Sherg.az”la bölüşən hərbi ekspert Ramil Məmmədli Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın tarixinin uzun illərə dayandığını qeyd edib. Ekspert bildirib ki, müasir dövrümüzdə Türkiyə ilə hərbi-siyasi əlaqələrimiz haqqında danışarkən 1994-cü ili xüsusi qeyd etməliyik:

“Həmin ildə Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığa dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, strateji əhəmiyyət kəsb edən bir çox istiqamətlər, həmçinin hərbi sənaye və siyasi əməkdaşlıqla bağlı birgə fəaliyyət təsdiqlənib.

Yeni saziş qardaş ölkə ilə hərbi münasibətlərin daha da dərinləşməsinə səbəb olacaq. Bu məqam xüsusilə Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın yeni mərhələsinə start verəcək. Sənəd iki ölkə üçün yeni başlanğıc olacaq.

Bu gün Azərbaycan-Türkiyə arasında hərbi sənayedə birgə layihələrin həyata keçirilməsi və siyasi fəaliyyət istiqamətinə vacib məsələlər həllini tapır. Bundan sonrakı addımlar iki ölkənin hərbi münasibətlərinin daha da dərinləşməsinə səbəb olacaq.

Yeni saziş Azərbaycan və Türkiyə Ordusunun imkanlarını çox genişləndirəcək. Ordumuzun regiondakı nüfuzu və gücünə müsbət təsir edəcək. Ümumiyyətlə, xüsusi vurğulamaq lazımdır ki, Türkiyə ilə birgə həyata keçirilən istənilən fəaliyyət ancaq hərbi qüvvələrimizin güclənməsinə səbəb ola bilər”.