Seymur Əliyev: "Xalqımız qardaş dövlətin xidmətlərini unutmayacaq"


“Ermənistanın 44 günlük Vətən müharibəsində ölkəmizə qarşı törətdiyi hərbi cinayətlərin Türkiyənin Baş Ombudsmanı tərəfindən Beynəlxalq Cinayət Məhkəməsinə təqdim edilməsi qardaş dövlətin Azərbaycanın haqq işinə verdiyi böyük dəstəkdir və xalqımız Türkiyə dövlətinin bu xidmətləri heç vaxt unutmayacaq”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Respublika Veteranlar Təşkilatının mətbuat katibi Seymur Əliyev deyib.

Seymur Əliyevin fikrincə, bu fakt Türkiyənin sadəcə Azərbaycan deyil, bütün bəşəriyyət qarşısındakı tarixi xidməti kimi dəyərləndirilməlidir: “Ermənistanın istər I Qarabağ müharibəsi, istərsə də 44 günlük Vətən müharibəsi nəticəsində törətdiyi vəhşiliklər mahiyyət etibari ilə sadəcə Azərbaycan xalqına deyil, həm də bütün bəşəriyyətə, sivil dünyaya qarşı yönəlib. Bu baxımdan Türkiyənin Baş Ombudsmanı tərəfindən Ermənistanı müharibə cinayətlərinə görə Beynəlxalq Cinayət Məhkəməsinə verməsi onun sadəcə Azərbaycan xalqı deyil, həm də  bütün bəşəriyyət, insanlıq qarşısındakı tarixi xidmətidir. Ermənistan anlamalıdır ki, törətdiyi cinayətlər cəzasız qalmayacaq və etdiyi əməllərə görə hökmən beynəlxalq hüquq qarşısında cavab verməli olacaq.

Türkiyənin Ermənistanın hərbi cinayətləri ilə bağlı atdığı bu addım qardaş dövlətin 44 günlük Vətən müharibəsində ölkəmizə verdiyi mənəvi-diplomatik dəstəyin hüquqi müstəvidə davamıdır. Hansı ki, bu addım hər bir azərbaycanlı tərəfindən məmnunluqla qarşılanmaqdadır. Biz Türkiyə Baş Ombudsmanına bu addımına görə təşəkkür edir, bu təşəbbüsü Ermənistanın ifşası baxımından yüksək qiymətləndiririk”.

S.Əliyev Türkiyə Ombudsmanını Ermənistanın hərbi cinayətləri haqqında çevik və ətraflı şəkildə məlumatlandıran Azərbaycan Ombudsmanının aktiv fəaliyyətinə də diqqət çəkib:

“Bildiyiniz kimi, Türkiyənin Ombudsman təşkilatının nümayəndə heyəti 44 günlük Vətən müharibəsi zamanı məhz Azərbaycan Ombudsmanının dəvəti ilə ölkəmizə gəlib, Ermənistanın törətdiyi hərbi cinayətlərlə yerindəcə tanış olub. Azərbaycan və Türkliyə Ombudsmanları Gəncə şəhərində birlikdə  faktaraşdırıcı missiya həyata keçirb, bununla bağlı hessbat hazırlayaraq bu hesabatlar bütün beynəlxalq təşkilatlara, dünya dövlətlərinə təqdim ediblər.  Ümumiyyətlə, Ermənistanın törətdiyi hərbi cinayətlərin beynəlxalq miqyasda ifşa edilməsində Azərbaycan Ombudsmanının böyük əməyi var və Türkiyə Ombudsmanının Ermənistanı Beynəlxalq Cinayət Məhkəməsinə verməsi faktı da bu fəaliyyətin səmərəliliyindən xəbər verir.”