Tıxaclardan qurtulmağın bir yolu var

Avtomobilinin nömrəsi cüt rəqəm olanlar həftənin cüt günləri, tək olanlar isə tək günlər şəhərdə maşın sürmək hüququna sahib olsunlar

Elməddin Muradlı: "Əslində bu nömrə məsələsi haqqında düşünmək olar. Tətbiq də etmək olar. Amma ilk növbədə ictimai nəqliyyat mükəmməl işləməlidir"


Bu gün paytaxt Bakıda tıxac ictimai, eləcə də digər yol-nəqliyyat vasitələrinin hərəkətində problem yaradır.
Qeyd edək ki, sözügedən problem şəhərin əksər hissələrində yaşanmaqdadır və demək olar ki, hər gün müşahidə edilir.

Nəzərə almaq lazımdır ki, bağça, məktəb və universitetlər, həmçinin, digər müəssisələr onlayn fəaliyyət göstərir. Buna baxmayaraq yollarda sıxlıq hələ də var. Lakin insanlar şəhərdə stressiz, tıxacsız bir yaşam görmək istəyir.
Buna görə də məlum məsələnin həlli yollarını axtardıq. Qeyd edək ki, xeyli əvvəl təklif irəli sürülmüşdü ki, maşınının nömrəsi cüt rəqəm olanlar həftənin cüt günləri, tək olanlar isə tək günlər şəhərdə maşın sürmək hüququna sahib olsunlar.

Təklif haqqında "Şərq"ə danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib ki, bu, beynəlxalq təcrübədə tətbiq edilən bir vasitədir:

Bəzi xarici ölkələrdə maşınlar nömrələrinə uyğun olaraq həftənin günlərinə bölünüb şəhərə buraxılır. Amma bunu Azərbaycanda tətbiq etməyin nə dərəcədə real ola biləcəyi məlum deyil. Çünki Azərbaycan mentaliteti biraz fərqlidir. Eləsinin varıdır, gedib iki maşın alacaq. Bir gün birini, sabah isə başqa birini sürəcək. Bunun da qarşısını almaq mümkün olmayacaq.

Bu baxımdan ancaq yol şəbəkəsinə üstünlük vermək lazımdır. Yolu genişləndirmək, yol kənarlarında olan tikililərin qarşısını almaq, onlara nəzarət etmək və s.

Əslində bu nömrə məsələsi haqqında düşünmək olar. Tətbiq də etmək olar. Amma ilk növbədə ictimai nəqliyyat mükəmməl işləməlidir. Onun alternativ variantları olmalıdır. Bir maşını olanlar işə vaxtında gedib çata bikəcəkmi, ictimai nəqliyyata güvənə bilərmi və s. kimi suallara cavab tapılsa bu sistemi də tətbiq etmək haqqında düşünmək olar".