SOS ! İntiharlar cavanlaşıb: 14 yaşlı yeniyetmə... - Ailədən qopmalar

“Uşaqlar o anda elə düşünürlər ki, onlar intihar etməklə valideynlərin cəzalandıracaqlar”

“Əslində, bu, belə də olur. Çünki yaşanan peşimanlıq və depressiya valideyn üçün ən böyük cəzaya çevrilir”


Bakıda 14 yaşlı yeniyetmə intihar edib. Muradxan adlı yeniyetmə Nizami rayonu ərazisində, Xəzər Universitetinin yaxınlığında özünü 14-cü mərtəbədən atıb. O, hadisə yerində keçinib.
Yeniyetmənin valideynlərinin əslən Füzuli rayonundan olduğu bildirilir. Hadisə ilə bağlı polis araşdırma aparır. Xəbərə görə Muradxan intihardan əvvəl bu əməli ilə bağlı məktub yazıb.

Son vaxtlar ölkəmizdə intihar hallarının artığını söyləyən psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a təəssüf hissi ilə bildirib ki, hər yaşda olan insan çıxış yolunu intiharda görür. Onun sözlərinə görə, yeniyetmələrin intihara meyl etmələrinin bir çox səbəbləri var:

“Məsələn, valideynlə uşaqlar arasında olan münasibətləri demək olar. Böyüklər düşünürlər ki, uşaqlar onları başa düşmür. Uşaqlar da həmçinin. Beləliklə valideynlə uşaqlar arasında uçurum yaranır. Fikrimə, hadisə ciddi şəkildə araşdırılmalıdır. Təbii ki, psixoloji məqamlar çoxdur. İnsanların daxilindəki özgüvənsizlik, özünü ailəyə və cəmiyyətə təsdiq edə bilməmək baş verir. Əlbəttə, bütün bunlar nəticədir, səbəb isə daha dərində “yatır”. Mənəvi aclıq, dinlənilməmək çox böyük fəsadlara yol açır. Bu gün cəmiyyətimizdə dinləmək kimi bir problem var. Empati bacarığının aşağı düşməsi mənəvi aclığa gətirib çıxarır. Nəticədə yaranan aqressiya və özünəqapanma insanın canın qıymasına səbəb olur.

İntihar psixoloji ruh halıdır və bu halda insanın bütün mənəvi dəyərləri özünüdərk mövqeyini itirir. Ona görə də bir dəfə intihara cəhd edən şəxs yenə də bu yola əl ata bilər.

Dövlət və qeyri hökumət təşkilatları tərəfindən müxtəlif tədbirlər görülməlidir. İstər məktəb və bağçalarda, istərsə də iş yerlərində müvafiq tədbirlərə ehtiyac var. Bir insan özündə və sevdiyi insanlardan qopanda, onlar tərəfindən dinlənilməyəndə intihara əl atır. Çünki mənəvi aclıq insana hər şey etdirə bilir”.

F.Mehmanqızı qeyd edib ki, yeniyetmə və gənclər sosial şəbəklərdə hər kəsin yaxşı şəkildə yaşadığını, hər bir şəraiti olduqlarını düşünürlər. Buna görə də onların valideynlərdən müəyyən tələbləri olur:

“Valideynlər də bu tələblərə cavab verə bilmədiklərinə görə, qopmalar baş verir. Sanki valideyn onların azadlıqlarını əlindən alır, maddi durum yoxdur deyə, valideynlə müəyyən problem yaşanmalıdır. Ona görə bu gün yeniyetmələr intihara meyilli olurlar. Uşaqlar o anda elə düşünürlər ki, onlar intihar etməklə valideynlərin cəzalandıracaqlar. Əslində, bu, belə də olur. Çünki yaşanan peşimanlıq və depressiya valideyn üçün ən böyük cəzaya çevrilir”.