Türkiyənin yeni raketi hədəfləri dəqiq vurdu

İsrail, ABŞ və İngiltərədə hələ bu silahların tədqiqatları aparılır

Türkiyə yeni “hava-hava” raketini uğurla sınaqdan keçirib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz tvitter səhifəsində yazıb: “Türkiyə “hava-hava” raket texnologiyasına sahib azsaylı ölkələrdən biri olmağı bacardı. Gənc texnoloqlarımız və mühəndislərimizin "Göktuğ" layihəsi çərçivəsində inkişaf etdirdikləri “hava-hava” raketimiz "Bozdoğan" ilk atəşdə hədəfi tam vurdu”.

Türkiyənin daha bir uğuru barədə "Şərq"ə danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bu silahlar haqqında  İsrail, Amerika və İngiltərədə tədqiqatlar aparılır, Türkiyə isə bu sınaqdan uğurla keçdi:

"Bu, yeni nəsil raketlərdir. Hava-hava raketləri havadan gələn təhlükəni elə havadaca vurmaq üçün nəzərdə tutulub. Bu silahlar 25 km-dən hədəfi nişan alır. Atəş açıldıqdan sonra hədəf izlənilmir, raket özü həmin hədəfi vurur.

Bu raketdən Türkiyədə olan bütün "F" qırıcıları istifadə edə bilər. Türkiyənin hərbi sənayesi bu istiqamətdə 2013-cü ildən bəri işlər aparır.

Müasir dövr müharibələrində hava məkanına sahib olmaq əsas tələblərdəndir. Biz bunu 44 günlük müharibədə də gördük.

Yeni hava-hava raketlərinin Türkiyə hava məkanını qorumaqda əvəzsiz xidmətləri olacaq.
Bu raketin istehsalı və uğurla sınaqdan çıxması onu göstərir ki, Türkiyədə hərbi sənaye çox güclü inkişaf edib.

Onu da qeyd edim ki, Türkiyə ilə Azərbaycan hərbi sənayesi arasında yeni layihələr yaradılıb. Bu istiqamətdə işlər aparılır".