Baza hələ ki tam qurulmayıb 

Bir sıra sektorlarda rəqəmsal reklamlara nəzarət etmək mümkün deyil

Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) tərəfindən rəqəmsal reklamların stimullaşdırılmasına dair təkliflər hökumətə təqdim olunub. Bunu Agentliyin İdarə Heyətinin sədrinin müavini Orxan Əliyev “Online B2G Forum”da çıxış edərkən deyib. Görüşdə əsasən açıq məkandakı reklamların qiymət siyasətinə, qanunvericiliyin iş adamlarına yaratdığı şəraitə toxunulub.

O.Əliyevin sözlərinə görə, bir sıra innovativ texnoloji həlləri tətbiq edən agentlik bu sahədə dünya təcrübəsini araşdırmaqda davam edir. Agentliyin İdarə Heyətinin sədrinin müavini eyni zamanda reklamların ölçmə mexanizmləri, onlara baxış sayını müəyyənləşdirən texnologiyaların tətbiqi üçün üçüncü tərəflərin təkliflərinə dövlət qurumunun açıq olduğunu vurğulayıb.

İqtisadçı-ekspert Razi Abasbəyli "Şərq"ə açıqlamasında deyib ki, ictimai yerlərdə və ya digər təyinatlı məkanlarda rəqəmsal reklamlardan istifadə ilə bağlı bir sıra ciddi güzəştlər nəzərdə tutulmalıdır. İqtisadçı qeyd edib ki, hətta kiçik sahibkarlar üçün rəqəmsal reklamlardan istifadə bir sıra dövlət qurumları ilə razılaşdırıldıqdan sonra tarif tətbiq edilmədən icazə verilməlidir:

"Azərbaycanda rəqəmsal reklamların stimullaşdırılması üzrə hökumətə təqdim edilən təkliflər barədə açıqlama verilsə də, detalları nədən ibarətdir, hansı təcrübədən istifadə ediləcəyinə dair məlumat yoxdur.

Yəni daha çox Avropa və ya ABŞ təcrübəsindən istifadə ediləcəyinə dair açıqlama mövcud deyil. Yalnız qiymət və tariflərin optimallaşdırılması barədə bir sıra müzakirələr gedir. Dünya təcrübəsində müvafiq olaraq ölçü və ya təsir dairələri üzrə reklam tarifləri fərqli olur.

Azərbaycanda bu sahədə kiçik sahibkarlar üçün heç bir güzəşt nəzərdə tutulmayıb. Məsələn, 10 kvadratmetrlik bir ticarət obyekti olan kiçik sahibkara obyektinin tanıtımı məqsədilə istifadə etdiyi 1 kvadratmetlik trafaretə görə yüksək məbləğdə cərimə yazılır. Eyni məbləğ, iri ticarətlə məşğul olan sahibkara da tətbiq edilir.

Ümumiyyətlə, ictimai yerlərdə və ya digər təyinatlı məkanlarda rəqəmsal reklamlardan istifadə ilə bağlı bir sıra ciddi güzəştlər nəzərdə tutulmalıdır. Hətta kiçik sahibkarlar üçün rəqəmsal reklamlardan istifadə bir sıra dövlət qurumları ilə razılaşdırıldıqdan sonra tarif tətbiq edilmədən icazə verilməlidir". 

R.Abasbəyli qeyd edib ki, ümumiyyətlə, indi inzibati olaraq bir sıra sektorlarda rəqəmsal reklamlara nəzarət etmək mümkün deyil:

"Mətn, təqdimat və ya digər baxışlara istinadən reklam, elan, xəbərdarlıq və sair olduğunu müəyyən etmək üçün qanunvericilikdə boşluqlar var. Bundan başqa sosial platformalar bəlli bir investorun layihəsidir və orada müvafiq tariflərə uyğun olaraq rəqəmsal reklamları təsbit etmək olar. Lakin onlara inzibati nəzarət vasitəsilə vergi və ya rüsum tətbiq etmək mümkün deyil. Yəni dünya təcrübəsində kompleks yanaşma var. Bu yanaşmalar müasir texnologiya dövrünün standartlarına cavab verir. Azərbaycandan isə reklam bazarına nəzarət bu sahədə sahibkarlığın inkişafına dair hansısa mütərəqqi baza hələ ki, tam qurulmayıb".