Abituriyentlərin “yarpaq tökümü”! Çağırış: “İmtahan həssas məsələdir” 

Azərbaycanda abituriyent intihar edib. Hadisə Ağdam rayonunun Orta Qərvənd kəndində qeydə alınıb. Kənd sakini, 17 yaşlı Məmmədov Şəfaət Elman oğlu özünü tövlədə asıb. İlkin məlumata görə, Ş.Məmmədov buraxılış imtahanında az bal topladığı üçün canına qəsd edib. Faktla bağlı Ağdam rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. İntiharın dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.
Etiraf etmək lazımdır ki, bu, ilk belə hal deyil. Analoji faciələr əvvəllər də yaşanıb. Deməli, bir həll yolu tapılmalıdır.



 Bu barədə “Sherg.az”a danışan psixoloq Narınc Rüstəmova valideynlərə müəyyən tövsiyələr verdi: 

“İntihar adətən depressiya, həyəcan içində olan şəxslərdə özünü daha çox göstərir. Xüsusilə 11-30 yaş arasındakı insanlar intihara meyl göstərirlər. Tələbkar ailələrdə belə hallar müntəzəm müşahidə olunur.

Ana-atalar bədbəxt hadisədən sonra “Belə olacağını bilməzdim” sözləri ilə özlərinə bəraət qazandırmağa çalışırlar. Məsələ ondan ibarətdir ki, valdeynlər bəzən özlərinin də xəbərləri olmadan övladlarına şiddət göstərirlər.

Məsələn, uşaq televizora baxanda, yemək yeyəndə “Tez ol, dərslərin var” kimi xəbərdarlıqlar abituriyentlərdə təzyiq yaradır. Onlar valideynlərinin ümidlərini doğrulda bilməyəcəklərindən qorxurlar”.

N.Rüstəmova, həmçinin bildirdi ki, belə halları əvvəlcədən görmək lazımdır:

“İntihar cəhdləri birdən-birə, qəfildən olmur. Bunu düşünən şəxs əvvəlcə intihar haqqında araşdırır. Məsələn, özlərinə qəsd edənlərin sosial şəbəkə hesablarındakı son paylaşımlara baxaraq bunu görmək olar. Sadəcə bəzən valideynlər övladlarının suisidal davranışlarını hiss edə bilmirlər.

Ona görə də nəzərə almaq lazımdır ki, abituriyentlik həssas mərhələdir. Həyəcanı azaltmaqdan ötrü valideynlər imtahana 2-3 ay qalmış uşaqlarını psixoloqların yanına apara bilərlər”.