Paşinyan yenə böyük oyunun içindədir

Soros xətti və Emmanuel Makronun son açıqlamaları prosesin vahid mərkəzdən idarə olunduğunu düşünməyə əsas verir


Ermənistan müxalifəti Azərbaycanla sərhədlərin müəyyən olunması prosesində yaranmış gərginliyi Nikol Paşinyanın siyasi oyunu kimi təqdim edirlər. Sabiq prezident Robert Koçaryanın tərəfdarı, “Qarabağ klanı”nın üzvü Qarnik Arakelyan bildirib ki, Zəngəzur vilayətində sərhəd demarkasiya və delimitasiyasının bu səviyyədə gərginləşdirilməsində hədəf seçkiləri təxirə salmaqdır.

O iddia edib ki, Nikol Paşinyan gərginliyi artıraraq, hərbi vəziyyət elan etməyə çalışır. Erməni sosial şəbəkə istifadəçiləri də heç bir əsası olmayan məsələnin bu dərəcədə şişirdilməsini Paşinyanın seçkiyə hesablanmış oyunu adlandırırlar. İddialar sırasında o da bildirilir ki, sərhəddəki gərginlik qısa müddətdə sakitləşərsə və Paşinyan istəyinə nail olmazsa, “B planı” işə düşəcək və pandemiya bəhanə ediləcək. Yəni koronavirusa yoluxma sayı şişirdilərək, qapanmalara gediləcək: “Ən yaxşı halda seçkilərdə məhdudiyyətlər tətbiq ediləcək, ən pis halda isə seçkilər təxirə salınacaq”. 

Politoloq Elçin Mirzəbəyli vurğulayıb ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan və komandası, həmçinin bu komandanı himayə edənlər, nəyin bahasına olur-olsun delimitasiya və demarkasiya ilə bağlı razılaşmaların icrasını ləngitməyə çalışırlar. Siyasi şərhçinin fikrincə, delimitasiya və demarkasiya prosesi Paşinyanın rəqiblərinin, bəzən isə onun öz komandasının stimullaşdırıcı addımlarıyla ətrafında ajiotaj yaradılan hadisəyə çevrilir:

“Paşinyan hakimiyyəti baş verənlərin neqativ yükünü Rusiyaya və bu ölkənin dominant rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yönəltmək üçün, sanki Ermənistan-Azərbaycan sərhədində yeni bir hadisə baş veribmiş kimi təqdim etməyə cəhd göstərir. Burada, şübhəsiz ki, Azərbaycanının “aqressor” kimi təqdim edilməsi cəhdi də var. Paşinyanın son davranışlarında Qərb texnoloqlarının ənənəvi “bəhanəyaratma” texnologiyalarının izi açıq-aşkar görünməkdədir. Soros xətti və Emmanuel Makronun son açıqlamaları prosesin vahid mərkəzdən idarə olunduğunu düşünməyə əsas verir. Nikol Paşinyanın KTMT-yə müraciət etməsinin təməlində məhz bu “vahid  mərkəz”in müəyyənləşdirdiyi strategiya dayanır. Bu strategiyanın əsasında Rusiyanın Ermənistanın ictimai rəyində gözdən salınmasına cəhdin olduğunu ehtimal etmək mümkündür. Bununla Paşinyan həm də Rusiyayönümlü tezislərlə çıxış edən müxalif rəqiblərini çıxılmaz duruma salmaq niyyəti güdür”.