Təhminə - Kənan Novruzov yazır

Bu günlərdə müəllimlərimizdən biri ilə söhbət edirdim. Mənə Xalq yazıçısı Anarın senari müəllifi və Rasim Ocaqovun quruluşçu rejissoru olduğu "Təhminə və Zaur" filmini xatırlatdı. Sonuncu dəfə nə vaxt baxdığımı unutsam da, bu günlərdə həmin filmi yenidən izlədim. 
*
 Filmin əvvəlində Təhminə və Zaur bir- birilərini dəli kimi, böyük ehtirasla sevirlər. Zaur bu qıza görə ana- atasının üzünə ağ olur, ailəsini qoyub onun yanına gedir. Birlikdə çox xoşbəxt olurlar.

Gözəl dəqiqələr, xatirələr yaşayırlar. İkisinin də xoşbəxt olduğu gecələrin birində Təhminə deyir: "İnan mənə, Zaur, həyatında başqaları da olacaq. Amma heç vaxt ola bilməz ki, hər şey bax, beləcə olsun. Leninqrad, Şopenin melodiyası. Bunlar ancaq bizimdir, Zaur. Ancaq bizim". 

 Amma tədricən tərəflər arasında soyuqluq yaranır. Zaur Təhminənin qonşuları Spartakla, iş yoldaşı Muxtarla, bazardakı qəssablarla da münasibətdə olduğunu öyrənir və şübhələr ağacı içdən yeyən qurd kimi onun ürəyini yeyir. Təhminə hər dəfə bir söz tapır, Zaurun etirazlarına "Burda şişirdiləsi nə var ki?", "Yaxşı adamdır" kimi cavablar verir.

 Günlərin birində isə bardağı daşıran son damla da tapılır- Zaur Təhminənin Spartakla birlikdə onların bağ evində olduğunu öyrənir. Evə gələndə ailəsinin bəyəndiyi qızla- Spartakın bacısı Firəngizlə evliliyə razılıq verir. Anası da, atası da sevindirir. 

 Zaur Təhminənin rəfiqəsi Mədinədən onun ölüm xəbərini eşidəndə birdən- birə on il, on beş il qocalır sanki. Dili söz tutmur. "Mənə ondan danış" sözlərini güclə tələffüz edir. Mədinənin cavabı isə Zauru daha ciddi təlatümlərə salır:

- Nə danışım? Elə bir həyatda heç belə adam olmayıb. 

 Zaur dediyi kimi, Firəngizlə evlənir, ancaq bir sual onu ömrü boyu düşündürür: Təhminə, həqiqətən, onu sevmişdimi? Yoxsa, digərlərindən heç bir fərqi yox idi? Bircə bildiyi o idi ki, Təhminə Zauru çox dəyişmişdi, ən gözəl anlarının səbəbkarı olmuşdu. Və deməli, Zaur Təhminəni unuda bilməyəcəkdi. İstəsə də, özünü buna məcbur etsə də...

 ... Zaur İstanbulda, sahil boyunca gəzərkən ürəyində danışır: "Heç bir gəmi, heç bir təyyarə insanı özü- özündən uzaqlaşdıra bilməz. Bəzən mənə elə gəlir ki, olanların üzərindən yüz il keçib, bəzənsə elə bilirəm ki, hər şey dünən olun. Elə dünən...".

 Çoxumuzda belə olur. Ən xoşbəxt anlarımızı unutmağa çalışdıqca onlara daha çox yaxınlaşırıq. Nifrət etməyə cəhd göstərdikcə daha çox sevirik...Çünki böyük ehtimalla hər kişinin həyatında çox sevdiyi, onu özünə öyrədən və cavabsız suallarla tərk edən bir Təhminə olur. Həmin Təhminə gec- tez, elə, ya belə ölür. Filmdə deyildiyi kimi, belə birinin olmadığını düşünürsən. Lakin qəfildən yuxudan dik atılanda, "Bu bizim mahnımız olsun" dediyiniz mahnı sözlərini eşidəndə ya da bir vaxtlar birlikdə gəzdiyiniz küçələrdən keçəndə anlayırsan:

Elə biri var idi və əslində indi də var. Sadəcə daha sənə aid deyil. 

P.S: Filmin ortalarında Təhminə "Küçələrə su səpmişəm" mahnısını dinləyərək soruşur: "Zaur, sən də mən keçdiyim küçələrə su səpərsən ki, toz olmasın?". Oğlanın naqolay cavabından sonra deyir: "Eh, Zaur, sənin ruhun yoxdur...". Çalışın ruhu olan və ruhunuzu kəşf edən birini tapın.