Yenə dəniz, yenə boğulma... - Hansı tədbirlər görülməlidir?

Bu gün Xəzər dənizində 29 yaşlı gəncin meyiti tapılıb. Meyit Salyan rayonunun  Xıdırlı kənd sakini, 1992-ci il təvəllüdlü Xəlilov Xamis Füzuli oğluna aiddir.
X.Xəlilov ötən gün balıq tutmaq məqsədi ilə motorlu qayıqla dənizə çıxıb. Faktla bağlı araşdırma aparılır.
Təəssüf ki, havalar isindikcə dənizdə, çayda boğlanların sayı artır. Xüsusilə çimrəlik mövsümü elan olunan kimi hər gün 1-dən çox boğulma hallarının şahidi oluruq. Bu baxımdan çimərlik və çaylarda təhülkəsizlik qaydalara əməl etmək, məsuliyyətli olmaq vacibdir.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Sherg.az”a bildirib ki, hər il yay mövsümündə çimərlikdə yüzlərlə insan boğulma təhlükəsi ilə üzləşir, onlarla şəxs həyatını itirir:

“Təbii ki, buna səbəb kimi insanların təhlükəsizlik qaydalarına məsuliyyətsiz yanaşmaları da var. Nə qədər maarifləndirmə aparılsa belə, yenə də insanlar öz həyatlarına biganə yanaşır , istirahət vaxtlarını xoş və mənalı keçirməyi fikirləşməsinə rəğmən məsuliyyətsizlik etmələri sonda bədbəxt hadisələrə gətirib çıxarır. Çimərlikdə boğulmaya birinci səbəb məhz insanların özləri, digəri isə qeyri-çimərlik ərazilərin olması və burada heç bir təhlükəsizlik tədbirlərinin görülməməsidir. Çimərliyi işlədən şəxslər hər il çimərlik mövsümü başlamazdan qabaq suyun dibinin yoxlanılması, təmizlənməsini təşkil etməli və digər təhlükə risklərinin yoxluğuna əmin olmalıdır. Yəni çimərlik varsa, orada təhlükəsizlik tədbirləri öncədən görülməli, qadağanedici nişanlar, məlumatlandırma lövləri, xilasedicilər, nəzərət məntəqəsi, tibbi yardım və nəzarətçilər olmalıdır”.

Ekspert vurğulayıb ki, insanlar çimərliyə gedərkən ilk növbədə hava şəraitini nəzərə almalıdırlar:

“Baxaq bütün boğulma hadisələrinə. Demək olar ki, çoxu havanın küləkli olduğu vaxtda çimərliyə gedənlər olub. Həmçinin çimərliyin seçilməsinə diqqət edilməlidir. Natəmiz və nəzarətsiz olan çimərliklərə getməmək lazımdır. İnsanlar həmişə adətən eyni çimərliyə üz tuturlar. Getdikləri yerdə suyun hansı səviyyədə dərinləşdiyini , suyun dibində daş -kəsəyin olub-olmamasını bilirlər. Ancaq hava küləkli olarsa, dənizdə dalğa varsa, dünən ilə bu gün arasında fərq olur. Ümumiyyətlə, qeyri çimərlik anlayışının ləğv edilməsi lazımdır. Yəni çimərlik varsa, orda lazım olan bütün təhlükəsizlik tədbirləri görülüb, ondan sonra insanların ixtiyarına buraxılmalıdır. Bununla bağlı bir necə dövlət qurumu müştərək işləyə bilər. Hazırda çimərliklərə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları nəzarət edir. Demək olar ki, hər gün boğulma təhlükəsi ilə üzləşən onlarla insanı xilas edirlər. Boğulma hallarının demək olar ki, heç biri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşlarının xidmət apardığı yerlərdə baş verməyib. Günün qızmar vaxtında 12:00-16:00 saatlarında və günün qaranlıq vaxtı dənizə girmək məsləhət deyildir. Bir də yadda saxlamaq lazımdır ki, əlverişsiz havada, yəni dumanlı, yağışlı, küləkli havada dənizə girmək çox təhlükəli ola bilər”.