Birgə hərbi təlim! - “Bizi istəməyən güclərə mesajdır”

Dünən Bakıda Azərbaycan müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Tərəflər hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə ikitərəfli hərbi əməkdaşlığın əsas istiqamətləri, o cümlədən müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə edilib. Pakistan hərbi nümayəndə heyətinin rəhbəri Azərbaycanın azad olunmuş ərazilərinin minalardan təmizlənməsi prosesində və həmin ərazilərdə həyata keçiriləcək bərpa işlərində ölkəsinin iştirak etməyə hazır olduğunu bildirib.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov birə təlimlərin əhəmiyyəti barədə “Sherg.az”a danışdı:

“Atalar yaxşı deyib ki, dost dar gündə tanınar. Müharibə vaxtı Türkiyə ilə yanaşı, Pakistan da bizə dəstək oldu. Təsadüfi deyil ki, şəhərin küçələrində hər üç ölkənin bayraqları birgə dalğalanırdı. Ümumiyyətlə, bizim əlaqələrimizin tarixi var. Və bu gün əməkdaşlığımız yeni mərhələyə başlayıb. Əlbəttə, nüvə silahına malik müsəlman ölkəsi ilə belə isti münasibətlər bizim üçün sevindiricidir. Eyni zamaanda Pakistan savaşdan qalib çıxmış və XXI əsrin tələblərinə cavab verən Azərbaycan ordusu ilə əməkdaşlıqda maraqlıdır. Odur ki, birgə təlimlər hər iki tərəf üçün peşəkarlığın artması baxımdan mühüm əhəmiyyətə malikdir. Fikrimcə, əlaqələrimiz gələcəkdə də davam edəcək. Təlimlər həm də siyasi əhəmiyyət daşıyır. Bu, bizi istəməyən güclərə mesajdır”.