Zahid Oruc: ”15 iyun qurtuluşu həm də Vətən Müharibəsində qələbə günümüzdür”


     Sovetlər Birliyinin dağılmasından sonra ictimai burulğanın elmi auditoriyadan hakimiyyət birinciliyinə daşıdığı sabiq rektorlardan biri “böyük siyasətdə piyada” olduqlarını səmimiyyətlə etiraf etmişdi. Üstündən illər keçəcək, memarı olduğu Respublika sarayının tribunasından milləti üzərində siyasi təcrübə aparanlara və “piyada söhbəti”nə Heydər Əliyev belə cavab verəcəkdi: onda siyasətin şahı gəlməmişdi, ona görə! Yəqin, siyasəti şahmatla eyniləşdirənlər Əliyevin nə dediyini yaxşı bilirdilər. Təəssüf, o sözlər sonrakı illərdə efirdə bir daha səslənmədi, kim bilir, bəlkə özünün, bəlkə də korrektorların istəyilə. Lakin Heydər Əliyev iki fərqli formasiyada siyasətin şahı kimi yaşadı. Həmin ifadə demokratiya etiketlərilə uzlaşmasa belə həqiqtə idi.
      Böyük liderin xarizmasının kölgəsində qalan Mixail Qorbaçov mənfur planlarına meydan açmaq üçün onu imperiya rəhbərliyindən uzaqlaşdırsa da 1993-cü ildə ata Əliyevə, 2020-ci ildə oğul Əliyevə məğlub oldu. Yüz minlərlə insan faciəsinin baiskarı olan SSRİ-nin ilk və son prezidentinin ölməyib bu günü görməsi ədalətin gec də olsa təntənəsiydı. Bəli, qoca Şərqin öz idarəçilik fəlsəfəsi, siyasət inancı var-qərblilərdən fərqli olaraq xalqımız Əliyevin qayıdışına təkcə ictimai-siyasi proseslərin təbii nəticəsi yox, həm də səmavi qanunauyğunluq kimi baxırdı və öz məntiqində haqlıydı. Axı müsəlman aləminin ən böyük demokratiyası hakimiyyət taxt-tacını təkcə Yerin yox,  həm də Göyün hadisəsi saymasıdır. Ona görə də 93-cü ilin Xilaskarlıq missiyası 70-ci illərin nəhəng quruculuq dövrünün birbaşa mənəvi övladı, siyasi, iqtisadi yetirməsidir. Siyasi Büro üzvlərindən təkcə Şevardnadzeyə oxşar aqibət qismət olmuşdu, lakin o da dövlət sükanını sonadək uğurla saxlaya bilmədi.
Heydər Əliyev imperiya rəhbərlərindən-dünyanın üçdə birinə  hökmranlıq edənlərdən olanda da, 1993-cü ildə xiyabanlara və çadır şəhərciklərinə çevrilmiş ölkəsində xalqının yeddidə birinin köçkünlüyü qarşısında da eyni yenilməz qürur və qətiyyət nümayiş etdirmişdi. O, Kremldə keçirdiyi yüzlərlə görüşü bir baş üstün tərk etdiyi halda 15 illik fasilədən sonra Strasburqda bir vaxtlar onun qarşısında istehsalat raportu verən Robert Koçaryanın əyalət hikkəsi və qalib ədası ilə “biz torpaqları qanla almışıq” bəyanatına soyuqqanlıqla, tövrünü pozmadan ”bir gün ermənilər zəfiləyəcək və biz o günü mütləq gözləyəcəyik” deyə cavab vermişdi. Əliyevin uzaqgörənliyinin nəticəsi dünyaya bəllidir. Bəli, Qələbə üçün ordu, silah üçün iqtisadiyyat, müttəfiq üçün düzgün siyasət gərəkdir.İmperiya qurmuş Napoleon Bonapartsa həqiqəti yalnız böyük batalyonların tərəfində gördüyü üçün uduzmuşdu! 
Bəli, 15 iyun 1993-cü ildə bax bu parlament binasında bir millət taleyinin tamaşaya qoyulduğu baş səhnədə xalqın xilas qərarı rəsmiləşdi. Lakin qətiyyən təəccüblü deyildi ki, onun ölümdən qurtardığı adamların bir çoxu şəxsi düşmənləri yox, dövlətə qarşı silahla-silahsız savaşanlar idi. O isə rəqiblərinin hamısını bağışladı, çünki Əliyev dözümün də lideriydi. Böyüklüyünü ona irad tutanların, şəxsiyyətə pərəstişin demokratiyaya uymadığını deyənlərin lidersiz bir cəmiyyət idealı milləti başsız qoymuşdu. Onlara amerikalıların Vaşinqtondan, almanların Bismarkdan, türklərin Atatürkdən imtina etməklə nə qazanacaqlarını soruşan olmamışdı. Bəli, biz sovet dövründə nəinki keçmiş siyasi liderlərdən, o cümlədən birinci Respublikadan xəbərsiz böyümüşdük. Müstəqillik qazananda da eyni səhvləri təkrarlayıb bu dəfə Cümhuriyyəti əsas götürüb sovet keçmişimizi inkar etməyə başladıq. Lakin Heydər Əliyev siyasi tariximizə obyektiv nəzərlərlə baxaraq, hər iki respublikanın uğur hekəyələri arasında varislik bağları tapdı, düzgün dövlətçilik dərsləri yaradaraq qarşılıqlı inkarın, keçmişlə döyüşməyin faydalı olmadığını göstərdi. Məgər biz Cümhuriyyət qurucularının milli və siyasi kimlik, azadlıq məfkurəsi ilə öyündüyümüz halda dahi Üzeyirin yaratdığı mədəni mirasdan, yaxud, 600 minə qədər mərd oğulların faşizmə qarşı qəhrəmanlığından imtina etməliydik? Yoxsa, 70-ci illərdə yaradılan elmi bazanın, təhsil və sənaye potensialının üzərindən xətt çəkib, bir vaxtlar beş ulduzlu bayraqlar dalğalandığı üçün milyonlarla tikili ilə vidalaşmalıydıq?
Bəli, Vətən Müharibəsində qələbənin təməl daşlarının qoyulduğu 93-cü illər atəşkəsdən, müxtəlif dövlət çevrilişlərini dəf etməkdən və siyasi savaşlardan keçdi. Lakin ötən ay bir-birini ifşa edərək taleyüklü hadisələri öz adı ilə çağırmağa başlayan ter Petrosyan-Koçaryan dueti növbəti həqiqətləri gün üzünə çıxardı. Dağlıq Qarabağın erməni icmasının danışıqlardan nə zaman kənarlaşdırıldığı sualı ətrafında qarşılıqlı ittihamlara cavab verən sabiq erməni rəhbərləri Lissabon samitində Heydər Əliyevin Amerikanın yardımı ilə yekun qətnamə qazandığını onların ən böyük uğursuzluğu kimi bəyan etdilər. Ter-Petrosyan acizliyindən sarsılan keçmiş nazir Vardan Oskanyanın Azərbaycan liderinin neft müqavilələri ilə diplomatiyanı uzlaşdıraraq əldə etdiyi nəticənin onlar üçün faciə olduğunu, bundan sonra Ermənistanda bir-birinin ardınca çevrilişlərin başlandığını dilə gətirir. 1-ci Qarabağ müharibəsində məğlubiyyətdən cəmi 3 il sonra güc nisbətinin ölkəmizin xeyrinə dəyişməsini düşmən etiraf edirsə, onun kənarında hakimiyyətə gəlmək üçün “Qarabağı satdılar”, “biz nədən qurtulmuşuq ki” deyənləri qoy Heydər Əliyevin ruhu bağışlasın. Həqiqətin üzə çıxması üçün düz 25 il gözləməli olduq. Ulu öndərin tarixi xidmətlərini dananlar Paşinyanın “biz 1996-98-ci illərdə Qarabağı siyasi olaraq itirdik” bəyanatını görüb heç olmasa düşmənindən aşağıda durmaq istəməsinlər. Müharibədə məğlubiyyət hələ çox sirlərin üstünü açacaq. Lakin Lissabon sammitindən danışanda ironiya və həqarətlə təhqir pamfletləri yazan qruplar da gərək 1-ci erməni prezidentinin dediklərini unutmasınlar.  
Heydər Əliyevə sağlığında ona qalib gələ bilməyənlər özü boyda abidəlşən zirvəyə ucalan müstəqil Azərbaycan dövətinə də məğlub oldular.!
İndi uca səslə deyə bilərik. Azırbaycan xalqı-10 noyabr 2020-ci il qələbəsinə gətirən yola 15 iyun 1993-cü ildə çıxdı! O zamankı qurtuluş üstündən 27 il sonra bir millətin qollarını buxovlayan işğal bəndlərinin qırılmasına və torpaqların əsarətdən qurtulmasına yol açdı. Hər iki Qurtuluş vahid bir mahiyyətdə və məqsəddə birləşir. 80 faiz Azərbaycan ərazilərinin xilası təkcə xaos diktaturasına son qoymadı, həm də Vətən müharibəsində qələbəməzin ictimai-siyasi və hərbi əsaslarını yaratdı. Son 27 ildə bu fikrə inananların sayı artıb-azala bilərdi,  lakin onun gələcəyi görmək bacarığı 44 günlük müqəddəs savaşda daha aydın görünürdü. O üzdən Qələbə Simfoniyasının səsləndiyi Şuşada, böyük Vaqifin yenidən ucalan məqbərəsində, hər gün bir daş artıq böyüyən Vətəndə Heydər Əliyevin idealları yenidən gerçəkliyə çevrilir. O azad torpaq, bütöv Vətən və böyük ərazilər deməkdir. Ona qəhrəman, sərkərdə, milli lider, dövlət atası və sair epitetləri deyilib. Lakin sadə insan, ailə başçısı kimi dəyər verərkən bir nəsihətin xüsusi vurğulanmağa ehtiyacı var. İlham Əliyev Şuşa Zəfərini təqdim edərkən dövlət başçısı kimi qəbul etdiyi tapşırığı yerinə yetirməsi, rəhbərə sədaqətli olması ilə yanaşı, bizim Şərq cəmiyyəti üçün ibrətamiz nümunəni qabartmasının müstəsna əhəmiyyəti var. Ata sözünü uca tutmaq ailə, övlad və tərbiyə məktəbimizin də təməlinə çevriləcək hadisədir. Zəfərə görə dualar, minnətdarlqılar ilk növbədə onun ünvanınadır - Ulu öndər Heydər Əliyevin! 10 dekabrda-12 dekabra iki gün qalmış Qələbə Paradı həm də Ulu öndərin xatirəsi önündə sayğı duruşu və keçidi idi.
Qarabagda Heydər Əliyev siyasi kursu qalib gəldi. 15 iyun qurtuluşu Vətən Müharibəsində qələbənin günlərdən birincisidir!