Daha Azərbaycandan xarici terrorçu qruplara qoşulanlar yoxdur

"DTX-nin aktivliyi və peşəkarlığı, ayıq-sayıqlığı sayəsində müsbət vəziyyət yaranıb"

"Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə daha çox səlahiyyətlər verilməli və Qafqaz Müsəlmanları İdarəsinin ixtiyarında olan məscidlərə imam təyinetmə səlahiyyəti alınmalıdır"


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycandan xarici terrorçu qruplara qoşulanlar yoxdur. Komitə rəhbərinin sözlərinə görə, son aylar belə hal qeydə alınmayıb. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının, mətbuatın apardığı profilaktik, o cümlədən, ideoloji təbliğat işləri bunun qarşısını almaqda mühüm rol oynayıb: “Xaricə gedən və bu cür terrorçu qruplara qoşulan şəxslərin ailə üzvləri reabilitasiyaya cəlb olunub. Həmin ailə üzvlərinin bir qismi gətirilib, təbii ki, orada uşaqlar və qadınlar da var. Bununla bağlı məxsusi reabilitasiya mərkəzi yaradılıb. Həmin reabilitasiya mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin işçiləri də geriyə qaytarılmış ailələrlə dini sahədə işlərin aparılmasında iştirak edir. Burada dəqiq rəqəmləri deyə bilmərəm, amma Azərbaycanda az sayda bu cür hallar var idi”.

M.Qurbanlı vurğulayıb ki, ümumiyyətlə, əvvəlki illərdə də İŞİD-in terror qruplaşmalarında iştirak edən xarici vətəndaşlar siyahısında bizim ölkə çox aşağı yerdə idi: “Azərbaycandan gedənlərin sayı başqa ölkələrdən gedənlərin sayı ilə müqayisədə çox az idi. Bizim ölkənin adı bəzən heç statistikaya aid edilmirdi”. 

Xatırladaq ki, bir neçə il öncəyə kimi davamlı müzakirə olunan məsələlərdən biri də Azərbaycandan İŞİD-ə qoşulanlar, terrorçuların arasında azərbaycanlıların da olması mövzusu idi. Təbii olaraq, bu məqam cəmiyyətdə böyük narahatlığa səbəb olurdu. Çünki qanunsuz yollarla Suriyaya, İraqa gedənlər öz ailələrini, uşaqlarını da aparırdılar ki, nəticədə təhlükənin miqyası daha da böyüyürdü. Bəzi şəxslər iddia edirlər ki, İŞİD kimi təhlükəli qruplar yenidən meydana çıxarsa, bitmiş hesab olunan məsələ təkrar gündəmə gələ bilər. 

İlahiyyatçı Tural İrfan “Şərq”ə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının fikirləri ilə razılaşdığını deyib. Ekspertin fikrincə, həqiqətən, son zamanlar Komitənin fəaliyyəti, o cümlədən İlahiyyat İnstitutunun yaradılması kimi amillər vətəndaşların dini cəhətdən maariflənməsinə gətirib çıxarıb. Ən önəmlisi isə məlum İŞİD terror təşkilatının fəaliyyətinin sıradan çıxarılmasıdır:

“İslam dünyasında baş verən istənilən münaqişə digər müsəlman xalqına da təsirsiz ötüşmür. Suriya savaşının qızğın dövründə müxtəlif təsirlərə düşən, dini savadı zəif olan, sosial problemli bəzi şəxslər adı çəkilən ölkəyə savaşmaq üçün, radikal dini qruplarda iştirak etmək üçün gedirdi. Bunun qarşısının alınmasında Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin də burada böyük və həlledici rolunu danmaq olmaz. Çünki xaricdəki radikal qruplarda iştirak edənlərin müəyyən olunması, nəzarətə götürülməsi, ölkəyə gətirilərək cəmiyyətə yararlı vətəndaş kimi bərpa edilməsi məhz təhlükəsizlik orqanlarının işidir. DTX-nın aktivliyi və peşəkarlığı, ayıq-sayıqlığı sayəsində Mübariz Qurbanlının dediyi müsbət vəziyyət yaranıb. Ancaq heç kimə deyə bilməz ki, yenidən dünyada və ya bölgədə İŞİD kimi terrorçu təşkilatlar yaranarsa, ora qoşulan vətəndaşlarımız olmayacaq. Buna kimsə qarantiya verə bilməz”. 

İlahiyyatçı təəssüflə qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti, daha doğrusu, fəaiyyətsizliyi sayəsində bu cür mənfi hallar meydana gəlir:

“Bu idarə vətəndaşların dini maarifçilik və ənənəvi islam dəyərlərinə sadiqliyini ən azından təbliğ etməlidir. Əfsuslar olsun ki, QMİ-nin fəaliyyəti ancaq yas biznesi və xurafat yaymaqdır. Belə olduqda isə hər bir insanın fitri ehtiyacı olan din inancının yerini həmin o radikal qrupların təbliğ etdiyi fikirlər doldurur. Nəticədə zaman-zaman radikal qruplara qoşulanlar olur. Düşünürəm ki, bir daha belə halların olmaması üçün Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə daha çox səlahiyyətlər verilməli və Qafqaz Müsəlmanları İdarəsinin ixtiyarında olan məscidlərə imam təyinetmə səlahiyyəti alınmalıdır. Çünki məscidlərə xaricdə dini təhsil adı altında siyasi, xurafatçı təsirlərdə yetişən “axund” və “imamlar” təyinat alırlar. Sanki insanlar öz məscidlərində tapmadıqlarını başqa yerdə aramağa meyillənirlər. Nəticədə radikal, ya da xurafatçı qruplara qoşulurlar”.