Millət vəkilləri ictimai müzakirə tələb edir

Əlilliyin təyin edilməsi ilə bağlı qanun vəziyyəti daha da ağırlaşdıracaq


Dünən Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilib. İclasın gündəliyində 14 məsələ olub. Deputatlar gündəliklə yanaşı, cari məsələlərlə bağlı da çıxışlar ediblər və bir sıra problemlər diqqətə çatdırılıb. Əsasən, əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı müzakirələr aparılıb, tənqidlər səsləndirilib. Öncə Milli Məclis sədri Sahibə Qafarova Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərindən və Şuşa Bəyannaməsindən danışıb. Spiker bildirib ki, Azərbaycan və Türkiyə xalqları arasında dostluq və qardaşlıq ən böyük sərvətimizdir: “Azərbaycan parlamenti ötən həftə çox tarixi gün yaşadı. Cənab Ərdoğan parlamentdə çıxış etdi.

Prezident Ərdoğanın rəhbərliyi ilə Türkiyə çox möhtəşəm inkişaf yolu keçib. Bu gün siyasi, iqtisadi, hərbi gücünə görə Türkiyə dünyanın ən güclü ölkələrindən biridir. Qardaş ölkənin bu uğurları bizi sevindirir. Çünki Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür. Xalqlarımız arasında olan dostluq və qardaşlıq bizim ən böyük sərvətimizdir. Prezident İlham Əliyevin də dediyi kimi, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir. İkinci Qarabağ müharibəsindən sonra bölgədə yeni reallıq yaranıb. Türkiyə Prezidenti Ərdoğanın işğaldan azad edilmiş Şuşanı ziyarət etməsi, orada Azərbaycan və Türkiyə bayraqlarının yanaşı dalğalanması xalqlarımızın qardaşlığının növbəti nümayişidir. Şuşada imzalanan Bəyannamə bu münasibətləri daha da gücləndirib. Türkiyə Prezidentinin verdiyi ən önəmli mesajlardan biri də bu idi ki, Türkiyə Azərbaycanın yanındadır”.

“Elektrik sayğacları ilə bağlı bizə çox sayda şikayət gəlir”

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Vahid Əhmədov bildirib ki, ən böyük problem sayğaclarla bağlıdır. Onun sözlərinə görə, bununla bağlı deputatlara çox sayda şikayət gəlir: “Yeni qanunda ağıllı sayğac anlayışından bəhs edilir. Ümumiyyətlə, aydınlıq gətirilməlidir ki, köhnə sayğaclar dəyişdiriləcəkmi?”
Deputat Sadiq Qurbanov isə bu suala cavabında bildirib ki, komitə iclasında məsələ qaldırılıb: “İşğaldan azad olunmuş ərazilərimizdə “ağıllı şəhər”, “ağıllı kənd” anlayışları tətbiq edilir. Mənə verilən məlumata görə, Avropa standartlarına cavab verən ağıllı sayğaclar tətbiq ediləcək. Sayğacların balansını internet vasitəsilə artırmaq mümkün olacaq”.

“Kənd təsərrüfatı ilə bağlı təbliğat kampaniyası daha da gücləndirilməlidir”

Millət vəkili Rüfət Quliyev bildirib ki, regionlarda insanlar daha çox kənd təsərrüfatı ilə məşğul olur. Lakin bir çox halda insanlar torpaqdan soyuyurlar: “Bu, dünyanın bir çox yerlərində baş verir. Yaxşı olar ki, ayır-ayrı insanlara özünüməşğulluq proqramına qoşulmaq təklif olunsun, bu təkliflərin sayı artsın”. Deputat deyib ki, Lənkəranda keçirdiyi görüşlərdə seçiciləri övladlarının beynəlxalq hüquq, gömrük və s. sahəni bitirdiyini, işsiz olduğunu deyir: “Lənkəranda əsas trend kənd təsərrüfatıdır. Lənkəranda neçə gömrük işçisinə ehtiyac ola bilər ki? Təklif edirəm ki, kənd təsərrüfatı ilə bağlı təbliğat kampaniyası daha da gücləndirilsin. Kənd təsərrüfatı hazırda Azərbaycanda inkişaf edir, biz bundan razıyıq. Amma bu işin sürətindən razı deyilik”.

“Süründürməçilik yaranır. Bu işi bilən adamlar hazırlanmalıdır”

Deputat Sabir Rüstəmxanlı əlillərə daha asan xidmət göstərilməsi ilə bağlı təklif verib: “Rayonlarda, elə Bakının özündə də əlillik dərəcələrinin müəyyənləşdirilməsi üçün lazım olan sənəd və məlumatlar elektron qaydada göndərilir. Rayon xəstəxanalarında isə bu işi görə bilən əməkdaş çox azdır. Bir xəstə üçün bu məlumatların cədvələ doldurulması bəzən saatlarla vaxt alır. İnsanlar xeyli vaxt itirir. Sənəd gec gedir, işçilər çox vaxt yeni olduğuna görə, sənəd düzgün doldurulmur. Süründürməçilik yaranır. Bu işi bilən adamlar hazırlanmalıdır”.

“Qanun layihəsi bu sahədə vəziyyəti daha da ağırlaşdıracaq”

Deputat Razi Nurullayev isə deyib ki, insanların taleyini müəyyən edən məsələlər geniş ictimai müzakirələrdə dinlənilməli, qərarı da Parlament verməlidir. Millət vəkili əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı qanun layihəsinin əleyhinə səs verəcəyini söyləyib: “Əlilliyin müəyyənləşdirilməsi haqqında layihə xeyli təzadlı mövqeləri ortaya qoydu. Qanun layihəsinin bu sahədə vəziyyəti daha da ağırlaşdıracağı düşüncəsindəyəm. Ona görə də qanunun əleyhinə səs verəcəyəm. Bu problemlərə yol açan ən ağrılı məsələ isə Nazirlər Kabinetinin qəbul etdiyi 2015-ci il 30 dekabr tarixli 413 saylı qərarıdır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilib və bir çox xəstəlik siyahıdan çıxarılıb. Bu tip qərarları Nazirlər Kabineti təkbaşına qəbul etməməlidir. Bunu Milli Məclis müzakirə etməlidir. Ümumiyyətlə, insanların taleyini müəyyən edən məsələlər geniş ictimai müzakirələrdə dinlənilməli, qərarı da Parlament verməlidir. Çünki insanların qarşısına çıxan və ən qəddar suallara məruz qalan məhz deputatlardır”.

“Məşğulluq xidmətləri vətəndaşları yola verməklə məşğul olur” 

R.Nurullayev əlavə edib ki, ölkədəki məşğulluq xidmətləri ilə bağlı vəziyyət onu qane etmir: “Hər gün biz o xidmətlərə dəfələrlə müraciət edirik, vətəndaşlara ya vakansiya yoxdur, ya da filan saytı izləyin, vakansiya olanda müraciət edin deyilir. Məşğulluq xidmətləri vətəndaşları yola verməklə məşğul olur. İş yoxdursa, insanlara yol göstərsinlər. 5-6 ay insanları gözlədirlər, axırda da iş olacaq, olmayacaq bəlli deyil. Bəs bu 5-6 ayda vətəndaş nə yeməlidir? Məşğulluq xidmətləri insanlara yol göstərməlidir ki, iş tapana qədər necə müavinət almalıdır, hansı qurumlara baş vurmalıdır. Amma heç birini etmirlər, insanları yola verirlər”.

“Büdcəyə yenidən baxmaq lazımdır. Neftin qiyməti bahalaşıb”

Deputat Tahir Kərimli büdcəyə yenidən baxılmasını təklif edib: “Sosial problemləri daha yaxşı həll etmək üçün təklifim budur ki, Milli Məclisdə büdcəyə yenidən baxaq. Neftin qiyməti büdcədə nəzərdə tutulandan xeyli artıb. Büdcəyə yenidən baxmaq olardı. Nə üçün hökumət buna getmir? Milli Məclisə niyə təklif vermir? Yaxşı olardı ki, büdcəyə yenidən baxaq, pensiya, maaş, sosial müavinəti artıraq. Bu təkliflərlə çıxış edəndə mənə diletant deyirlər. Kompleks məsələlərin islahatlar çərçivəsində həllinə tərəfdaram. Büdcəyə yenidən baxılsa, artımlar olsa, yaxşı olar”.

“Qarşıdakı 5 ay kifayət etməyəcək...”

Millət vəkili Musa Quliyev əlillik meyarları ilə bağlı dəyişikliklərin 1 iyul 2022-ci ildən qüvvəyə minəcəyini bildirib. Deputatın sözlərinə görə, əlilliyin orqanizmin funksiyasının pozulmasına görə qiymətləndirilməsi zamanı meyarların cədvəlində olan xəstəliyə uyğun əlillik təyin olunacaq: “Tək böyrəyin zədələnməsi xroniki böyrək çatışmazlığı 80 faiz əlillik kimi qiymətləndirilir. Dərəcələr arasındakı qiymətləndirmə 1 faiz aralığı ilə deyil, 5 faiz aralığı ilə diferensiallaşdırılacaq. Əlilliyin müəyyən edilməsi meyarları layihəsi üzərində deputatların təklifi ilə iş aparılması müvafiq nazirliyə deyilib. Komitə hesab edir ki, əlillik meyarlarının dəqiqləşdirilməsi, icbari tibbi sığorta həkimlərinin treninqlərə cəlb edilməsi, proqram təminatının həyata keçirilməsi üçün qarşıdakı 5 ay kifayət etməyəcək. Qanuna edilən dəyişikliklərin 1 iyul 2022-ci il tarixindən qüvvəyə minməsi məqsədə müvafiq hesab edilib. Bu, Prezident Administrasiyasının müvafiq şöbəsi ilə də razılaşdırılıb. Əvvəl dəyişikliklərin 2022-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulmuşdu”.

“Saxta əlillərə 1-2 ay müavinət verilsin”

Parlament üzvü Siyavuş Novruzov saxta əlilliyi aşkarlanmış şəxslərə müavinət verilməsinin 1-2 ay davam etdirilməsini təklif edib: “Yaralanmış qazilərimizin həm Azərbaycanda, istərsə də xarici ölkələrdə müalicəsi təşkil olunur. Dövlət tərəfindən çox mütərəqqi addımlar atılır. Biz burada veteranların, şəhid ailə üzvlərinin reyestrinin yaradılması barədə qərar qəbul etdik. Bu çox vacib addımdır. Bu, onların sosial müdafiəsinin gücləndirilməsi, işlə təmin edilməsi və s. baxımdan çox mühümdür. İkincisi, icra hakimiyyəti orqanlarında müharibə veteranları, şəhid ailələri ilə bağlı şöbə yaradılıb. Həmçinin ali məktəblərdə də bu kateqoriyadan olan insanlar pulsuz təhsil alacaq. İndiyə qədər bu güzəşt qaçqın və məcburi köçkün ailələrinə şamil olunurdu”. Deputat qeyd edib ki, saxta əlilliyi olan şəxslər aşkarlanır, müvafiq addımlar atılır: “Saxta əlillik dərəcəsi olan insanlar var. Lakin mən onlara 1-2 ay həmin müavinəti verməyi təklif edirəm. Çünki həmin insanın tez bir vaxtda iş tapması mümkün deyil”.

“Həqiqi əlillər kənarda qalsın?”

Spiker Sahibə Qafarova isə bildirib ki, əgər insan saxta əlildirsə, ona müavinət verilməsi davam etdirilə bilməz: “İnsanın əlilliyi saxtadırsa, ona necə yenə müavinət verilsin? Saxta əlilə müavinət verilsin, həqiqi əlillər kənarda qalsın?!”. 

“Qanunda 6 ay tələbini götürmək lazımdır”

Deputat Əli Məsimli vurğulayıb ki, əlilliklə bağlı sənədlərin qəbul edilməsində Milli Məclis böyük məsuliyyətin çox hissəsini öz üzərinə götürdü və iki mühüm dəyişiklik etdi: “Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr qərarında əlilliklə bağlı meyarlar 250-dən 150-yə endirilmişdisə, yeni qərarla bu meyarların sayı 800-dən çox olacaq. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən yeni dəyişiklikdə niyə 4-5 ay yox, 7-8-9 ay yox, 6 ay müddət nəzərdə tutulur? Bu haqda fikirləşmək lazımdır ki, 6 aydan çox olanda nə olacaq? Yenə də bürokratik əngəllərə yol açılacaq. 6 ay tələbini aradan götürmək çox vacibdir. Çünki əlil şəxslərin tək gəlir yeri həmin müavinətlərdir. Yəni bu şəxslər 6 ay qədər gözləməz. Amma bürokratik əngəllər bu müddəti uzadır. İkinci ciddi məsələ kimi aralıq müddət yaranır. Nazirlər Kabineti 2015-ci il qərarını ləğv edəcək. Amma aralıq müddətdə yaranacaq problemlərin aradan qaldırılması üçün yeni qərarın qəbul edilməsi çox vacibdir. Çünki aralıq müddətdə Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli qərarı işləsə, çox böyük narazılıqlar yaranacaq”.