Yeni səhifə açılır

"Pakistan və Azərbaycan orduları arasında təcrübə mübadiləsi bütün tərəflər üçün faydalı olacaq"


Azərbaycan və Pakistan orduları birgə hərbi təlimlər keçirəcək. Bu barədə Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, ordu generalı Qamar Caved Bacvanla görüşü zamanı razılıq əldə olunub. Bildirilib ki, tərəflər hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Tərəflər dağ təlimi mərkəzlərinin birgə istifadəsi və dağ-təlim heyətinin hazırlanması ilə bağlı da razılığa gəliblər. 

Pakistan Azərbaycana qardaş və dost ölkə olduğunu dəfələrlə isbat edib. Hərbi, siyasi-ictimai dəstəyini heç vaxt əsirgəməyib. Pakistanın Ermənistanla münasibəti, ermənilərə mövqeyi də məlumdur. O baxımdan hesab edilir ki, güclü orduya və hərbi texnikaya malik Pakistan Silahlı Qüvvələri ilə ortaq təlimlər Azərbaycan Ordusu üçün mühüm və faydalıdır. 

Nəzərdə tutulan birgə hərbi təlimləri “Şərq”ə dəyərləndirən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib ki, Pakistanın 44 günlük Vətən müharibəsində Azərbaycana verdiyi mənəvi-siyasi dəstək hər kəsə bəllidir. Ekspertin sözlərinə görə, qardaş Türkiyə kimi dost Pakistan dövləti də Vətən müharibəsində birmənalı şəkildə Azərbaycanın yanında oldu, onunla tam və qəti həmrəylik sərgiləyib:

“Pakistanın dəstəyi ölkə başçısı tərəfindən də dəfələrlə minnətdarlıq hissi ilə qeyd edilib. Pakistanla Azərbaycan arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrin inkişafı böyük əhəmiyyətə malikdir. Bildiyiniz kimi, Pakistan güclü orduya, o cümlədən güclü hərbi-sənaye kompleksinə, inkişaf etmiş raket texnologiyasına malik bir ölkədir.

Pakistan dövlətinin istehsal etdiyi orta və uzaqmənzilli raketlər hədəfi böyük dəqiqliklə məhv etmək xüsusiyyətinə malikdir.

Pakistan hərbi təyyarə istehsalına görə də xüsusi diqqət çəkən ölkələr sırasındadır. Bu baxımdan Pakistanla hərbi əməkdaşlıq ölkəmiz üçün olduqca əhəmiyyətlidir. Əməkdaşlıq Pakistan dövləti üçün də faydalıdır.

44 günlük Vətən müharibəsi göstərdi ki, dünyanın hərbi baxımdan ən çox inkişaf etmiş dövlətlərinin belə Azərbaycan Ordusundan öyrənməli olduğu şeylər var.

Buna misal olaraq 44 günlük Vətən müharibəsində zərbə və müşahidə dronlarından kütləvi istifadəni, müxtəlif qoşun növləri arasında koordinasiyanın yüksək dəqiqliklə təşkili, ağır hərbi texnikadan istifadə etmədən çətin və mürəkkəb coğrafi mövqedəki bəzi ərazilərin, konkret desək, Şuşa şəhərinin azad edilməsini nümunə kimi göstərmək olar. Həmçinin, yüksək fiziki hazırlığa malik ordunun formalaşdırılması və s. məqamlar da var. Bütün bunlar Azərbaycan ordusunun nə qədər qüdrətli olduğunu göstərir”. 

C.Xəlilov vurğulayıb ki, hələ müharibədən öncə Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer almışdı:

“Bütün bu faktlar Pakistan və Azərbaycan orduları arasında təcrübə mübadiləsinin bütün tərəflər üçün faydalı olacağını göstərir. Görüşlər zamanı əldə olunan razılaşmalar iki dövlət arasında hərbi əməkdaşlıq sahəsində yeni bir səhifə açacaq, birgə uğurlar üçün təməl olacaq”.