Fazil Mustafa Bakının böyük dərdini anlatdı

"Binalar elə tikilib ki, ora yanğınsöndürən, təcili tibbi yardım maşını girə bilmir"

Millət vəkili Fazil Mustafa parlamentdə çıxışı zamanı Bakı şəhərindəki mühüm problemlərdən danışıb. Deputat bildirib ki, əlbəttə, Bakı şəhəri günü-gündən gözəlləşir. Bakı mədəniyyət şəhəri olaraq diqqəti cəlb edir. Gələn turistlər də bunu deyir. Lakin deputatın sözlərinə görə, Bakı eyni zamanda “mədəniyyətsizlər” şəhərinə də çevrilməkdədir:

“Bakıda həm də ciddi problemlər var. Dünən Yeni Yasamalda yanğın baş verdi. Yanğınsöndürənlər yanğın olan binaya gedə bilmədi. Bir ölkənin mədəniyyəti təkcə tikilən binaların fasadları ilə bilinmir, həm də orda olan insanların yaşayış səviyyəsindən ölçülür. Bunların hamısı nəticədə vətəndaşın fəlakəti ilə nəticələnir. Burada təkcə fərdi cinayətlərdən söhbət getmir. Hamı bu cinayətin iştirakçısına çevrilməkdədir. Necə ola bilər ki, sən binaların o vəziyyətdə tikilməsinə icazə verəsən? Ora nə yanğınsöndürən, nə təcili tibbi yardım maşını girə bilməsin. O binalarda yaşayanların təhlükəsizliyini düşünmürlər. Bu gün 100-lərlə vətəndaş evlərindən köçərək kirayədə qalır, amma evlərinə qayıda bilmir. Pilot layihələr tikilib qurtarmır”.