Azərbaycan tarixinin ən güclü ordusunu qurub

Silahlı Qüvvələr gününü bu dəfə  Zəfər ilində qeyd edirik

Parlamentin dünənki iclasında 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə çıxışlar olub. Deputatlar qalib Azərbaycan Ordusunu və müzəffər Ali Baş Komandan İlham Əliyevi təbrik ediblər. Milli Məclisin sədri Sahibə Qafarova deyib ki,Silahlı Qüvvələrimiz öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirir. Spiker vurğulayıb ki, bu il Azərbaycan xalqı Silahlı Qüvvələr gününü böyük sevinc və qürur hissi ilə qeyd edir:

“Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu xalqımızın qəhrəmanlıq tarixinə yeni parlaq səhifələr yazıb. Azərbaycan torpaqlarını 30 ildən bəri işğal altında saxlamış Ermənistan silahlı qüvvələri darmadağın edilib. Əzəli və tarixi torpağımız olan Qarabağ mənfur düşmənin əsarətindən xilas olub. Tarixi ədalətin öz yerini tutması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması xalqımızın özünə inamını qaytarıb və ruhunu təzələyib. Bu gün biz yurd yerlərimizə, doğma Qarabağa qayıdırıq. Bu haqqı bizə qəhrəman ordumuz, onun Ali Baş Komandanı qaytarıb. Biz şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin igidliyini və fədakarlığını heç zaman unutmayacağıq”. 

“Xalqımız hərbçilərimizlə haqlı olaraq fəxr edir”

Sədr vurğulayıb ki, bu gün Silahlı Qüvvələrimiz işğaldan azad olunmuş bölgənin müdafiəsi, dövlət sərhədlərimizin qorunması naminə öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirir: “Xalqımız həm Vətən müharibəsi dövründə, həm də bu gün, dinc dövrdə ölkəmizin hərbi təhlükəsizliyinin təmin edilməsində fədakarlıq göstərən hərbçilərimizlə haqlı olaraq fəxr edir. Biz əminik ki, Azərbaycan Silahlı Qüvvələri qarşıdakı illərdə də inkişaf edəcək və dünyanın ən güclü orduları sırasında öz yerini möhkəmləndirəcək. Silahlı Qüvvələr günü münasibətilə biz müzəffər Ali Baş Komandanı, Silahlı Qüvvələrin qəhrəman əsgər və zabitlərini, bütün hərbi qulluqçularımızı ürəkdən təbrik edir, Azərbaycanın mənafelərinin qorunması naminə şərəfli missiyalarını həyata keçirməkdə onlara yeni uğurlar arzulayırıq”.

“Qarabağ Azərbaycanın inkişaf tarixində yeni bir dövr açacaq”

S.Qafarovanın sözlərinə görə, Azərbaycan xalqı əmindir ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri nəinki Qarabağ bölgəsinin mənzərəsini kökündən dəyişəcək, həm də bütün Azərbaycanın inkişaf tarixində yeni bir dövr açacaq: “Azərbaycan bayrağını Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Ağdamda, Hadrutda, Qarabağın digər şəhər və kəndlərində dalğalandıran qalib xalqımız erməni vandalları tərəfindən viran qoyulmuş yaşayış məntəqələrimizi bərpa edib qurucu xalq olduğunu bir daha dünyaya nümayiş etdirəcək”.

“Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularındandır”

Millət vəkili, tarixçi-alim Musa Qasımlı Ali Baş Komandanın Azərbaycanı qalib xalqa çevirdiyini vurğulayıb. Tarixçi SSRİ dövründə azərbaycanlıların orduda daha çox tikinti və digər işlərə yönləndirildiyini xatırladıb: “Bu tendensiyanı Heydər Əliyev dəyişib. Ümummilli lider Cəmşid Naxçıvanski adına liseyin açılmasına da nail olub və bu lisey müstəqil Azərbaycanda dövlət quruculuğunda mühüm yer tutub”. Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününün ilk dəfə Zəfər ilinə təsadüf etdiyini söyləyib və Ali Baş Komandanın rəhbərliyi ilə ordu quruculuğunun uğurla davam etdiriləcəyini vurğulayıb. Deputat Siyavuş Novruzov torpaqları işğaldan azad edən Azərbaycan Ordusunun ən güclü ordulardan biri olduğunu qeyd edib. Millət vəkili Elşad Mirbəşiroğlu da Azərbaycan Ordusunun Vətən müharibəsində dünyanın ən güclü ordularından biri olduğunu nümayiş etdirdiyini vurğulayıb. Parlament üzvü Cavid Osmanov dünyanın ən güclü ordularından birinin qurulduğunu bildirib:
“Azərbaycanın “dəmir yumruğu”nun gücü hələ də Ermənistanı silkələməkdədir. Tovuz istiqamətində törədilən dünənki təxribat göstərir ki, Ermənistanda böhran hələ də davam etməkdədir”.