Payızda referendum keçirilmə ehtimalı var

Deputatların sayı artırılacaq, icra başçısı vəzifəsi ləğv olunacaq

Son günlər bəzi media orqanlarında və sosial şəbəkələrdə Azərbaycanda bu ilin payızında referendum keçiriləcəyi, bunun ardınca isə parlamentin buraxılacağı barədə məlumatlar yayılıb. Hakim Yeni Azərbaycan Partiyasından isə deyilib ki, hazırda partiyada hər hansı referendum və seçkinin keçirilməsi məsələsi müzakirə olunmur. Məsələyə münasibət bildirən bəzi millət vəkilləri, o cümlədən YAP-ı təmsil edən deputatlar da ölkədə referendum keçirilməsinə və parlamentin buraxılacağına dair məlumatları təkzib edirlər. 
Referendum müzakirələrinə münasibət bildirən siyasi şərhçi, jurnalist Aqşin Kərimov “Şərq”ə bildirib ki, qanunvericiliyə əsasən, referendumla yalnız Konstitusiyaya mətninə dəyişikliklər və sərhədlərin dəyişdirilməsi həll olunur. Analitik vurğulayıb ki, son bir neçə ildə baş verən hadisələr Konstitusiyaya dəyişikliklər zərurətini ortaya çıxarır: “Azərbaycanda icra başçısı vəzifəsinə etimad yoxdur. Xüsusilə büdcəni talayıb şəxsi məqsədləri üçün istifadə edən icra başçılarının həbsindən sonra həmin posta inam daha da azalıb. Ona görə də, icra başçısı vəzifəsinin ləğvi aktuallıq qazanır. Böyük ehtimal ki, bu vəzifə ləğv edilsə, bütün regionlar üzrə Prezidentin xüsusi nümayəndəsi vəzifəsi təsis ediləcək. Hazırda isə bu vəzifə yalnız işğaldan azad edilmiş ərazilərə münasibətdə keçərlidir. 

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli parlamentin iclaslarının birində bildirmişdi ki, Prezidentin xüsusi nümayəndəsi vəzifəsi özünü doğrultsa, bu, bütün Azərbaycanda tətbiq ediləcək.

Bu isə hansısa qanuna dəyişiklikdən yox, birbaşa Konstitusiya dəyişikliyindən keçən məsələdir. Zənn edirəm, referendumda Milli Məclisin deputatlarının say tərkibinin artırılması səsverməyə çıxarılacaq. Çünki 125 deputat yeri artan əhali sayına adekvat deyil. Həmçinin, majoritar seçki sistemi qarışıq (proporsional və majoritar) seçki sistemi ilə əvəzlənə bilər. Bununla bağlı illərdir müzakirələr gedir”.