Bir kibrit dənəsi bəs edər

Fəlakət hər ölkənin başına gələ bilər, heç kim sığortalanmayıb

Vətəndaşlar yay vaxtı, isti havalarda meşəlik ərazilərdə diqqətli olmalıdır


Böyük tələfata səbəb olan meşə yanğınları bütün dünyanı narahat edir. Bir neçə gündür Türkiyədə başlayan yanğınların tam söndürülməsi hələ də mümkün olmayıb. Qardaş ölkə günlərdir 7 vilayətdə davam edən yanğınlarla mübarizəni davam etdirir. İyulun 28-dən avqustun 3-dək 38 bölgədə 163 yanğın çıxıb və onlardan 152-si artıq söndürülüb. Yanğınlar artıq 10 nəfərə qədər insanın həyatına son qoyub. Saysız canlı tələfatına, onlarla binanın məhvinə səbəb olub, fauna və flora örtüyünü məhv edib. Meşə yanğınları İrana da keçib. İranın cənub-qərbindəki Fars əyalətində yanğınlar başlayıb. Firuzabad şəhərinin yaxınlığında Hayqər meşələri alova təslim olub. 4 mülki şəxsin həlak olduğu deyilir. 

Əfsuslar olsun ki, meşə yanğınları ilə Azərbaycan da üzləşdi. İki gündür Yardımlı və Lənkəranda çıxan meşə yanğınları xeyli çətinliklə nəzarətə alınıb. Yardımlının Honuba və Lənkəran rayonunun Osaküçə meşəbəyliyindəki yanğının daha geniş əraziyə yayılmasının qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri addımlar atılıb. Əməkdaşlarla yanaşı, yerli sakinlər də yanğınsöndürmə işlərinə cəlb olunublar. Yanğın mürəkkəb relyefli yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Bu səbəbdən yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunub. Qısa zaman sonra məlum olub ki, Yardımlının Honuba kəndinin yaxınlığındakı yanğınlar məsuliyyətsizlik və meşədə qanunsuz kömür hazırlayanların  səhlənkarlığından baş verib. Ümumiyyətlə, ekoloqlar bildirirlər ki, yanğınların əksəriyyəti süni şəkildə ya bilmədən, yaxud da qərəzli şəkildə törədilir. Meşələrdə çox nadir hallarda təbii halda yanğın baş verir. Reallıq isə odur ki, heç bir ölkə meşə yanğınlarından sığortalanmayıb. Bu baxımdan həm Fövqəladə Hallar Nazirliyi, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan vətəndaşlarına çağırış edərək, onları indiki həssas dönəmdə mümkün qədər ehiyatlı olmağa səsləyiblər. ETSN-in mətbuat katibi İradə İbrahimova hər birimizi üzməli və düşündürməli olan bu həssas məsələ ilə bağlı fikirlərini səsləndirib: “Son günlər baş verən meşə yanğınlarının dəhşəti hər birimizə sonsuz kədər və ürək ağrısı gətirməklə bərabər, “nə edək ki, belə qarşısı çətin alına bilən fəlakətlə üzləşməyək?” kimi düşündürücü sual da yaratdı. Gəlin, təbiətə, insanlara ölçüyəgəlməz zərər vuran yanğınlardan nəticə çıxaraq və hamımızı sarsıdan bu cür ürəkağrıdıcı fəlakətlə bir də üzləşməyək. Hər kəsi, xüsusilə də meşə ərazilərinə yaxın kəndlərin əhalisini, təbiət qoynunda istirahət edən turistləri, fermerləri və bütün vətəndaşlarımızı hədsiz dərəcədə duyarlı və diqqətli olmağa, odla ehtiyatlı davranmağa, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, biçindən sonra sahələrə od vurmamağa çağırırıq. Bilməliyik ki, hər birimizin ani ehtiyatsızlığı və etinasızlığı dəhşətli fəlakətə səbəb ola bilər. Meşə yanğınlarının çox ciddi və təhlükəli olması hər bir vətəndaşın daim diqqətində olmalı, bu həyəcanı hər kəs hiss etməlidir”. 

Həqiqətən, insan faktoru meşə yanğınlarına səbəb olan əsas amillərdəndir. Meşə yanğınları insan tələfatı, minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir. İnsanların məsuliyyətsizliyi ucbatından uzun illər ərzində qorunub saxlanmış meşələr, nadir ağaclar bir anda məhv olur. Bu sahədə baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranmadan və ya meşədə istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, qalanmış tonqallar və bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması, söndürülməmiş kibritin, siqaret kötüyünün yerə atılması, maşınların mühərrikindən çıxan qığılcımlar da meşə yanğınlarına səbəb olan əsas amillərdəndir.

Xüsusən, nəzərə alaq ki, işğaldan azad edilmiş ərazilərimiz, Qarabağımız coğrafi baxımdan dağlıq, meşəlik və çəmənlikdir. Vətəndaşlarımızın ehtiyatsızlığı, yaxud ermənilərin təxribatı nəticəsində Qarabağ meşələrində çıxacaq hər hansı yanğın bütöv bölgənin füsunkar gözəlliyini, fauna və florasını məhv edə bilər. Bunun baş verməməsi üçün hər kəs dövlət qurumlarının xəbərdarlığına ciddi əməl etməli, ətrafımızda ehtiyatsız hərəkət edən insanlara nəzarəti əldən buraxmamalıdır. 

Millət vəkili Elman Məmmədov “Şərq”ə açıqlamasında vurğulayıb ki, elə təbii hadisələr var ki, onlara qarşı ümumxalq birliyi nümayiş etdirmək lazımdır. Deputatın sözlərinə görə, cəmiyyətin hər bir fərdi fəal və diqqətli olmalıdır:

“Müvafiq dövlət qurumları öz işlərini görürlər. Fövqəladə Hallar Nazirliyi həm Azərbaycanda, həm də qardaş Türkiyədə üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirir. 220 nəfərlik heyətimiz, çoxsaylı texnikalarımız qardaş ölkədəki yanğınların söndürülməsində fəal iştirak edirlər. Son günlər özümüzdə yanğınlar çıxır. Yardımlı və Lənkəranda meşə zonalarında yanğınlar başlayıb. Uzunmüddətli quraqlıq, havanın həddən artıq isti olması bəzən bitki örtüyünü qurudur. Həmin şəraitdə hətta günəş şuası altında qalmış bir şüşə parçası belə böyük yanğına səbəb ola bilər. Ona görə də insanlarımız mümkün qədər ehtiyatlı davranmalıdır. Səfərə çıxanlar, harasa istirahətə gedənlər meşəlik, çəmənlik ərazilərdə çox diqqətli hərəkət etməlidirlər. Siqaret çəkdikdən sonra söndürməmiş yol kənarlarına, otluq və meşəlik ərazilərə atmasınlar. Unutmayaq ki, meşə yanğınları dövlətə və daha çox elə millətin özünə ziyan vurur. İqtisadiyyat, turizm sektoru, kənd təsərrüfatı sahələri, minlərlə ev, əmlak, iş yerləri yanıb kül olur. Bu, hamı üçün fəlakətə çevrilir. Belə bir fəlakətlə üzləşməmək üçün hamı fəallıq göstərməlidir. Hər kəs üzərinə düşən məsuliyyəti dərk etməlidir. Xüsusən, azyaşlı uşaqlarımızın odla, kibritlə oynamasına icazə verməməliyik. Bəzən böyüklərimiz də məsuliyyətsiz addım atır, meşədə ocaq qalayır, kabab bişirirlər. Türkiyədə baş verən yanğınlarda terror hadisələri görünür. PKK-nın “Alovun uşaqları” adlı təşkilatı yanğınları törətdiyini etiraf etdi. Artıq bir neçə nəfər həbs olunub. Azərbaycanda baş verən yanğın isə ehtiyatsızlıq səbəbindəndir”. 

E.Məmmədov vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərimiz, Qarabağ dağlıq və meşəlikdir:

“Qarabağda yanğınlar erməni təxribatı nəticəsində baş verə bilər. Yandırıcı mərmilərlə meşə və otlaq ərazilərimizdə yanğın çıxara bilərlər. FHN və digər dövlət qurumları mətbuat vasitəsi ilə vaxtaşırı xəbərdarlıq edirlər. Xəbərdarlıqlardan nəticə çıxartmaq lazımdır. Əlbəttə, dövlət qurumlarımız istənilən hadisəyə hazır vəziyyətdədir. Lakin əhali özü də hazırlıqlı olmalıdır. Heç kim bu cür olaylardan, fəlakətlərdən sığortalanmayıb. Bizim üzərimizə düşən isə ehtiyatlı və diqqətli olmaqdır. Mən də çağırış edirəm vətəndaşlarımıza, yay vaxtı, isti havalarda meşəlik ərazilərdə mümkün qədər diqqətli olsunlar”.