Əhalinin ürəyincədir

ASAN və DOST mərkəzləri Azərbaycan intellektinin məhsulu kimi uğurlu modelimiz oldu

Şəffaflıq var, bürokratik əngəl yoxdur, vaxt itkisi aradan qaldırılıb


Regional DOST Mərkəzlərinin rayonlarda filialları da yaradılacaq. Bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yaradılacaq mərkəzlərin filiallarının qurulmasına dair layihələrin təqdimatı tədbirində bildirib. Nazir bildirib ki, 2023-cü ilin sonuna qədər daha 8 mərkəzin açılması, sayın 13-ə çatdırılması nəzərdə tutulub. Nazir ümumilikdə 2025-ci ilədək 17 mərkəzin yaradılmasının nəzərdə tutulduğunu, hazırda Gəncə, Sumqayıt şəhərlərində, Bərdə, Quba, Masallı, Şəki, Sabirabad rayonlarında DOST Mərkəzlərinin açılması üçün layihələndirmə-tikinti quraşdırma işlərinin aparıldığını qeyd edib.

Bildirib ki, regional mərkəzlərlə bərabər, ətraf şəhər və rayonlarda onların 47 filialı da yaradılacaq. S.Babayev eyni zamanda, Naxçıvanda və işğaldan azad edilmiş ərazilərimizdə DOST Mərkəzləri və filiallarının qurulacağını deyib. O vurğulayıb ki, əsas hədəflərdən biri də şəbəkə genişləndikcə keyfiyyətin də artırılması, xidmətlərin dairəsinin də genişləndirilməsidir. Bu sahədə aparılan işlərin nəticəsi kimi, son iki ildə xidmətlərin sayı 30 faizə yaxın artıb. Bu il Virtual DOST aplikasiyasının da istifadəyə veriləcəyini deyən nazir nəticədə internet bağlantısı olan istənilən yerdən hər kəsə xidmətlərdən faydalanmaq imkanı yaradılacağını bildirib. 

Millət vəkili Azər Badamov “Şərq”ə deyib ki, dövlət xidmətlərində şəffaflığın təmin olunması və korrupsiyaya qarşı mübarizənin genişləndirilməsi ASAN və DOST mərkəzlərinin yaradılmasında əsas məqsəd olub. Deputat bildirib ki, bu mərkəzlərin səmimi davranışına, mədəni şəkildə dövlət xidmətlərinin göstərilməsi səviyyəsinə görə dünyada analoqu yoxdur:

“ASAN mərkəzlərində göstərilən xidmətlərdən əhalinin məmnunluğu 99,5 faizdir. Deməli, bu xidmətlərin fəaliyyəti əhalimizin ürəyincədir. Yaradıldığı 2012-ci ildən bu günə qədər bu mərkəzlərə 7 milyon 495 min vətəndaşın 45 milyondan çox müraciətin edilməsi bu mərkəzə olan inamın yüksəlməsinin göstəricisidir. ASAN xidmətləri sahəsində əldə edilən uğurlu təcrübəni Dayanıqlı Operativ Sosial Təminat Mərkəzlərinin (DOST) də yaradılmasına yol açdı. DOST Mərkəzlərin əhatə dairəsi günü-gündən genişlənməkdədir. Hazırda Bakıda 5 mərkəz vasitəsilə əhalinin 80 faizinə, Abşeron rayon əhalisinin isə hamısına 11 istiqamət üzrə 152 xidmət göstərilir. DOST Mərkəzləri layihəsi də özünü doğruldub. Bu xidmətlər üzrə vətəndaş məmnunluğu 95 faizə çatdırılıb. Məlumdur ki, sosial xidmətlər əvvəllər korrupsiyalaşmış və vətəndaşların narazılığna səbəb olan sahələr idi. Bu sahədə aparılan islahatlar, xidmətlərin elektronlaşdırılması və bir mərkəzdən təqdim edilməsi şəffalığa yol açdı. Ümumiyyətlə qeyd edə bilərəm ki, ASAN və DOST mərkəzləri Azərbaycan intellektinin məhsulu olmaqla uğurlu modelimiz oldu. Bu mərkəzlər dövlət xidmətlərinin göstərilməsində bürokratik əngəlləri və vaxt itkisini aradan qaldırdı. Azərbaycan gələcəkdə ən müasir innovasiyaları və texnologiyaları tətbiq etməklə insanların daha rahat yaşayışını təmin edəcək”.