Cəmiyyətin parlamentə etimadı qalmayıb

Ali qanunverici orqanın nüfuzu hər gün aşağı düşür

Gecə həyatı yaşayan, seçicisi ilə maraqlanmayan, dələduz, sələm verən deputatlar az görməmişik


Ötən gün parlamentin növbədənkənar sessiyasının plenar iclası keçirilib. İclasda Milli Məclisin üzvü Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ müzakirə olunub. Baş prokuror Kamran Əliyevin və deputatların çıxışından sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Bununla da polisi döyməkdə ittiham olunan deputatın toxunulmazlığına xitam verilib. Elə həmin gün Eldəniz Səlimov törətdiyi əmələ görə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanılıb və Binəqədi Rayon Məhkəməsinə gətirilərək hakim qarşısına çıxarılıb. Məhkəmənin qərarına əsasən, onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Adıçəkilən deputatın toxunulmazlığına xitam verilsə də, hələ mandatdan məhrum edilməyib. Məlumat üçün bildirək ki, deputatlar ağır cinayətə görə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda mandatdan məhrum edilə bilərlər.

Məhkəmənin hökmü imkan verir ki, Mərkəzi Seçki Komissiyası deputatın səlahiyyətinə xitam versin. Deputatın toxunulmazlığına xitam verilməsi ona görə vacibdir ki, barəsində cinayət işi başlansın.

Konstitusiyanın 90-cı maddəsinə görə, deputat yalnız cinayət başında həbs edilə bilər.

Digər hallarda isə deputatın toxunulmazlığına xitam verilməlidir. Həbs-qətimkan tədbirinin seçilməsi isə onunla bağlıdır ki, 309-cu maddənin 2-ci hissəsi “səlahiyyət həddini aşma” ağır cinayətlər kateqoriyasına daxildir. Bu maddənin sanksiyası üzrə 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 

Deputatın həbsi ilə bağlı “Şərq”ə fikirlərini bölüşən Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov deyib ki, bu hadisə təkcə parlamentariləri deyil, bütün cəmiyyəti məyus edib. Ekspertin sözlərinə görə, qanunverici orqanın nümayəndəsinin xuliqanlıq hərəkəti yolverilməzdir:

“Qanunları qəbul edən şəxs ilk növbədə özü həmin qanunlara sayğı duymalı və əməl etməlidir. Təəssüf ki, belə arzuolunmaz hadisə ilk dəfə yaşanmır. Bundan əvvəl Milli Məclis nümayəndələri gecə həyatı, qumarı, qanunsuz əməlləri, dələduzluqları ilə gündəmə gəliblər. Sələm verən deputatlar da olub.

Bəziləri isə seçicilərin problemindən daha çox öz bizneslərini işıqlandırıblar. Məhz belə faktlara görə, cəmiyyət arasında parlamentə etimad aşağı düşüb. Milli Məclisdə vətənpərvər, seçicilərinə diqqətli olar, xaricdə Azərbaycanın hüquqlarını qoruyan, erməni yalanlarına qarşı qətiyyətlə mübarizə aparan millət vəkillərimiz var.

Amma bunlar azlıq təşkil edirlər. Əksəriyyət müasir tələblərə, yeni dövrün reallıqlarına, Ali Baş Komandanın yeritdiyi siyasətə cavab vermir. Doğulub boya-başa çatdığım Qax rayonunu parlamentdə təmsil edən deputat – Azər Kərimli 22 ildir həmin kresloda oturur.

Ancaq qaxlıların qayğıları, şəhid və qazi ailələrinin problemləri ilə ümumiyyətlə maraqlanmır. 22 illik fəaliyyəti dövründə bir dəfə olsun Milli Məclisdə Qaxın hansısa problemini gündəmə gətirməyib. Ümumiyyətlə, danışdığını görən olmayıb”. 

Ə.Şahidov vurğulayıb ki, belə şəxslərin ucbatından Milli Məclisə inam azalır, mənfi baxış dəyişmir:

“Bu baxımdan insanların Milli Məclisin dəyişməsini, yenidən formalaşmasını istəməsi sosial sifarişdir. Müzəffər bir dövlətin, qələbə qazanmış bir xalqın Milli Məclisinin tərkibi də Vətənini sevən vətənpərvər şəxslərdən ibarət olsun. Parlamentin indiki tərkibi ümumən xalqın və dövlətin maraqlarına cavab vermir. Eldəniz Səlimov hadisəsi bu məqamı yenidən gündəmə gətirib”.