İctimai nəqliyyat bütün günü işləməlidir

Millət vəkili Fazil Mustafa Operativ Qərargahı inadından dönməyə çağırdı


Millət vəkili Fazil Mustafa növbəti dəfə Operativ Qərargahın həftə sonları ictimai nəqliyyata qoyduğu qadağanı tənqid edib. Deputat sosial şəbəkədə yazdığı statusda bildirib ki, qarşıdan növbəti şənbə və bazar günü gəlir və bir çox insanımız üçün işgəncə və azar günləri başlayır: “Operativ Qərargah hələ də inadından dönmək istəmir.

Yenə də metronu, avtobusları işləməyə qoymayacaqlar, zavallı insanlar düşəcəklər taksi axtarışına. Pulu-parası olmayan da otursun evində, bütün vacib işlərini təxirə salsın. İnsanlarımız həm maddi, həm də mənəvi sıxıntı yaşayır.

Onsuz da yay vaxtı insanların bir qismi məzuniyyətdədir, yəni iş yerlərinə axın yoxdur. Heç kim də əsaslandıra bilmir ki, iki gün ictimai nəqliyyat işləməyəndə pandemiya azala bilər. Əksinə, nəqliyyatda sıxlıq yaratmaqla insanlar üçün yoluxma riskini daha da artırırlar.

Metronun girişində qızdırmanı yoxlamaq üçün aparat qoyulur və bu da profilaktika üçün kifayət edir. İctimai nəqliyyat həftənin bütün günləri işləməlidir”. 

F.Mustafa vurğulayıb ki, özü metro ilə, avtobusla gedib-gəlmək məcburiyyətində olan kimsə belə bir qərarı qəbul etməz:

“Məsələyə öz komfortundan yanaşanlar bir məsələni anlamalıdırlar. Bu qərarla eyni vaxtda şəhər ətrafından gələn vətəndaş, xəstəxanaya metro ilə tələsən tibb bacısı, maaşı aşağı olan avtobus sürücüsü, televiziyaya, redaksiyaya tələsən jurnalist, yaxud da bir pensiyaçı, bir əlil boğazından kəsdiyi pulu taksiçiyə verməyə məhkum olur. Fikrimcə, təcili olaraq bu qərara baxılmalı, Bakı şəhərində bütün ictimai nəqliyyatın işləməsi təmin edilməlidir”.