Meşələr necə oldu, birdən-birə alışdı, yandı...


Təkcə Türkiyə deyil, hədəfdə. Bütün dünyadır. Planetimizdir

"Bəlkə də indiyədək 50 Azərbaycan boyda meşə massivlərini yandırıb külə döndəriblər"


Yanğınlar bitmir. Bir ərazidə yanğın buxovlanırsa, digər ərazidə alovlanır. Meşə yanğınları qardaş Türkiyə ilə məhdudlaşmır. Artıq Yunanıstanda da yanğınlar baş verir. Ölkəmizdə də bəzi bölgələrdən yanğın xəbərləri gəlməkdədir.  Qubanın Ərməkli, Qəbələnin Solquca kəndləri ərazisində, Qusarda meşə massivlərində yanğınlar baş verib. Bu yanğınlar geniş əraziləri əhatə etməsə də, tələfata səbəb olmasa da, həyəcan təbili çalınması üçün kifayətdir.  Meşələr niyə yanır? Təbiətin “ağ ciyərləri”nin bu şəkildə alova bürünməsinin səbəbləri hansılardır? Əlbəttə, təbii səbəblərlə yanaşı, insan  amili, texnogen səbəblər, eləcə də terror, qəsd ehtimalları yüksəkdir.    

Alovlu Türkiyə, Yunanıstan…

Türkiyədə günlərdir davam edən meşə yanğınları Antalyadan başladı, digər bölgələrə də yayıldı. İyul-avqust aylarında Türkiyənin cənub regionlarındakı meşələrdə baş vermiş yanğınlar ölkə tarixindəki ən pis meşə yanğınları mövsümü hesab edilir. Böyük qismi Aralıq dənizi, Egey, Mərmərə və Cənub-şərqi Anadolu regionlarındakı 47 ildə yaranmış 239 meşə yanğınında 9 nəfər həyatını itirib, yüzminlələ hektar meşə və yaşayış yeri külə dönüb, minlərlə heyvan tələf olub, təsərrüfatlara külli miqdarda ziyan dəyib. Antalyanın Manavqat ilçəsində yanğın başlayan zaman havanın temperaturu təxminən 37 dərəcə olub. Yanğının küləyin və isti havanın təsiri ilə yaşayış yerlərinə sıçradığı bildirilir.  Daha sonra Adana, Osmaniyyə, Mərsin və Kayseri daxil olmaqla ümumilikdə 17 bölgədə eyni vaxtda yanğınlar başlayıb. Muğlada yanğınla mücadilə davam edir. Muğla şəhərinin Köyceyiz rayonunun Çövelek və Çökezli bölgələrində bir neçə yaşıllıq zolağında yanğın başlayıb. Yanğının yenidən gücləndiyi meşə massivlərinə Türkiyənin yanğınsöndürmə briqadaları cəlb olunub. Dalaman hava limanının yaxınlığında baş verən yanğın isə tamamilə söndürülüb.  Muğlanın Ayıyolu adlanan meşə massivində qeydə alınan yanğın nəticəsində onlarla yüz yaşlı ağac tamamilə məhv olub. Ölkənin yanğınsöndürmə xidmətinin əməkdaşları tərəfindən ciddi müdaxilələrə baxmayaraq, yaşıllıq zonasının böyük hissəsi külə dönüb. Yanğınlara qarşı mübarizə aparan 2 meşə işçisi yaralanıb. Qeyd edilir ki, Köyceyiz, Milas, Mentəşə, Seydikəmər, Kavaklıdərə və Yatağan rayonlarında havadan və qurudan meşə yanğınlarına qarşı mübarizə davam edir. Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq,  Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri hazırda qardaş ölkədə yanğnla mücadiləyə yardım edir. FHN qüvvələri Muğla vilayətində yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirirlər. “Anadolu” agentliyinin xəbərinə görə,  Azərbaycanın bir helikopteri və bir təyyarəsi yanğınların söndürülməsində fəal iştirak edir. Eyni zamanda Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Türkiyədə olan yanğın-xilasetmə qüvvələrinin 700-dən çox şəxsi heyəti 5 yerdə davam edən yanğının qarşısını almağa çalışır. Hazırda FHN-in qüvvələri tərəfindən Muğla vilayətindəki strateji əhəmiyyətli Kəmərköy və Yeniköy istilik elektrik stansiyalarının yanğından mühafizəsi davam etdirilir. Son məlumatlara görə, Türkiyədəki yanğınlar nəzarətə alınır artıq. Xatırladaq ki, Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – üçüncü qrupu Türkiyənin Muğla vilayətinə çatıb. Yanğın-xilasetmə qrupuna 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürən daxildir. Yanğınlar təkcə Türkiyə ilə məhdudlaşmır. Yunanıstanda da bir neçə gündür, yanğınlar davam edir. Evia adası, Mora yarımadası, Attika, Olimpiya, Mani bölgələrində hektarlarla meşə ərazisi alovlara bürünüb. 

...Azərbaycanda da yanğınlar baş verir

Bu yay ölkəmiz üçün də, təəssüf ki, meşə yanğınları ilə yadda qalacaq. Xoşbəxtlikdən yanğınların miqyası geniş olmadı. Ağsu rayonu Gəgəli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın qısa zamanda söndürüldü. Yanğınsöndürmə əməliyyatlarında Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri və Aviasiya dəstəsinin helikopteri fəaliyyət göstərib. Ümumilikdə 300 hektar ərazidə baş vermiş yanğın nəticəsində quru ot, kol-kos və biçilmiş taxıl sahəsi yanıb. Qusar, Quba, Qəbələdəki meşə yanğınlarının da ətraf ərazilərə yayılmasının qarşısı alındı. Amma dünyanın müxtəlif yerlərində ard-arda meşə yanğınları baş verirsə, artıq yerli səbəblərlə yanaşı, qlobal səbəblərə də baxılmalıdır. 
Təbiidən daha çox qlobal və süni “səbəblər” 

Sosioloq Elçin Bayramlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, tarixdə indiyədək belə yanğınlara rast gəlinməyib:

- Eyni vaxtda 200-400 yanğın ocaqlarının alovlanması praktiki mümkün deyil. Kimsə bunun nə elmi, nə nəzəri, nə də məntiqi izahını verə bilər. Açıq-aşkar görünür ki, bu yanğınlar süni şəkildə, məqsədli surətdə törədilir. Bunlar konkret süni törədilən yanğınlardır. Səbəblər də məlumdur. Türkiyə baxımından bu ölkəni “cəzalandırmaq” istəyidir. Məlumdur ki, qardaş ölkə müstəqil siyasət yürüdür, dünyada nüfuzu hər keçən gün artmaqdadır. “S-400”lərin alınmasından tutmuş, digər regional məsələlərədək Türkiyəni sıxışdırmaq istəyirlər. Bu da məlum məsələdir ki, hər hansı bir ölkə, hətta ən super-güc ölkə də eyni vaxtda ölkənin bir neçə bölgəsində başlamış kütləvi, bu qədər geniş miqyaslı yanğınlarla baş edə bilməz. Buna heç bir ölkənin texniki imkanı yetməz. Meşələr necə oldu ki, birdən-birə belə alışdı, yandı? Belə məlumatlar var ki, təyyarələr müəyyən ərazilərin üzərindən uçarkən yerə kapsullar atır, həmin kapsullar bir müddət sonra yanğınların başlanmasına  səbəb olur. Fikir versək görərik ki, yanğınlar qövsvari şəkildə baş verir. Bir zolaq üzərində. Deməli, kapsullar ehtimalı əsaslıdır. Bəzi videolar yayılmışdı, görünürdü ki, ağacların təpəsində yanğın başlayıb. Bu yanğın necə oldu ki, ağacın gövdəsinə toxunmamış, təpədə başladı?! Təkcə Türkiyə deyil, hədəfdə. Bütün dünyadır. Planetimizdir. Böyük Amazon meşələrinə od vurdular. Sibir meşələri yandı, Avstraliyada dəhşətli yanğınlar törədildi. Bilirsiz, bütün bunlar qlobal terrordur və bunu edənlərin qlobal məqsədləri var. Mülahizələrdən biri budur ki, qlobal terrorçular konkret ərazilərdə elektromaqnit sahələri yaratmaq istəyirlər, meşələr təbii şəraitdə buna mane olduğundan meşələri məhv etmək lazımdır. Bəlkə də indiyədək 50 Azərbaycan boyda meşə massivlərini yandırıb külə döndəriblər. 

E.Bayramlı bununla yanaşı texnogen amillərin də nəzərə alınmasını zəruri hesab edir:

- Demirəm, hər yerdə qlobal terror dalğası keçir. Əlbəttə, lokal ərazilərdə insan amili meşə yanğınlarına səbəb olur. İstirahət guşələrinə gəzməyə gedənlər, meşəlik ərazilərdə istirahət edənlər səhlənkar, məsuliyyətsiz davranır, ətrafı zibilləməklə yanaşı, yanğın təhlükəsi də yaradırlar. Meşələrə nəzarət zəifdir, ya  da heç yoxdur. Meşə massivləri tikinti şirkətlərinin öhdəsinə verilib, istədikləri qədər kəsir-doğrayır, kefləri istədiyi kimi evlər, istirahət mərkəzləri tikirlər, ekologiyaya qarşı terror edirlər. Türkiyənin özündə meşəlik ərazilər iş adamlarına, müəssisələrə, ayrı-ayrı şəxslərə “peşkəş” edilir. Sənaye müəssisələri tikirlər, turizm obyektləri açırlar. Meşələr məhv edilir, parçalanır, ərazilər satışa çıxarılır. Hər tərəfdən terrordur. Hən qlobal güclər, həm də yerli səbəblər baxımından. Bu sahəyə cavabdeh qurumlar məsuliyyət daşımalıdır, təhlükəsizlik tədbirlərini gücləndirməlidirlər.