Ukraynada doğulan azərbaycanlıların sayı artıb

Çünki vətəndaşlarımız orda xüsusi imtiyazlara, güzəştlərə sahib olurlar


Son 10 ildə Azərbaycan vətəndaşlarının Ukraynada dünyaya gətirdiyi uşaqların sayı açıqlanıb. Ukrayna Dövlət Miqrasiya Xidmətindən (DMX) “Report”un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, indiyə qədər Ukrayna ərazisində 858 Azərbaycan vətəndaşı doğulub. Onlara Ukrayna ərazisində anadan olduğuna görə Ukrayna vətəndaşlığı verilib. Bildirilib ki, son 10 ili əhatə edən bu statistikanın son hesablanma tarixi 1 avqust 2021-ci ildir.

Bunun xarici ölkə vətəndaşlığını almaq üçün hesablanmış bir addım olduğunu deyən sosioloq Lalə Mehralı "Şərq"ə açıqlamasında deyib ki, bununla da vətəndaşlarımız orda xüsusi imtiyazlara, güzəştlərə sahib olurlar. Sosioloq deyib ki, səbəblər arasında uşaq pulu məsələsi də ola bilər:

"Bizdə çox təəssüf ki, uşaq pulu verilmir. Bu da təbii ki, gənclərimizin ailə tərkibini artırmaq barədə bir növ həvəsini öldürür. Bu səbəbdən də uşaq pulu verilən ölkələrə axın olur. Çünki orada insanlara yaşamaq üçün işləməsə də dövlət dəstək verir. Üstəlik bir məsələni də qeyd edim ki, Ukrayna əhalisi, xüsusilə də qadınlar çoxövladlılıq məsələsinə isti baxmırlar. Onlar bir və iki uşaqla kifayətlənirlər. Bəzi ölkələrdə hətta nəsil artırmaqda xüsusi güzəştlər tətbiq olunur. Bu baxımdan təklif olunan imtiyazlardan Azərbaycan vətəndaşlarının d yararlanması olduqca yaxşı haldır".

L.Mehralı vurğulayıb ki, bu günləri bütün hallarda Azərbaycanda gənc mütəxəssislərin irəli çəkilməsində nə qədər inkişaf olsa da, yenə də bir o qədər ehtiyac var:

"Düzdür, prezident gənc kadrların işlə təmin edilməsində, dövlət idarəetməsində çox addım atır. Elə bu günlərdə təyin olunan idman naziri də buna sübutdur. Amma gəlin razılaşaq ki, bir çox sahələrdə gənclərin nəfəsinə ehtiyac duyulur, lakin hiss edilmir. Bu baxımdan da ömrünü təhsilə, elmə vermiş və öz elmini, bacarığını işndə göstərmək istəyən gənclərin ölkədən getməyinin səbəbi də budur. Br çox hallarda işlə təmin olunmalarında problem, süründürməçilik yaşayırlar. Məhz bu səbəbdən də onlar xaricdə işləmək, orda ailə qurmaq və karyeralarını orda inkişaf etdirmək qərarına gəlirlər".