"Təki pul silməyə yer olsun"

Əlisahib Əliyev: "Legioner məşqçilər, idmançılar üzərindən milyonlar qazanılır"

Lorenso Sotomayora nakautla qalib gələn azərbaycanlını küsdürüb Rusiya bazarlarına alverə göndərirlər, əcnəbini isə Tokioya aparırlar


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən ölkə idmanı ilə bağlı bəzi mühüm məqamları vurğuladı. Prezident yeni nazirdən idman sahəsində buraxılan nöqsanların ciddi araşdırılmasını tapşırdı. Dövlət başçısı xüsusilə Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlərin qeyri-qənaətbəxş olduğunu deyərək, Tokioda medal qazananlar arasında gənc nəslin nümayəndələrinin olmamasını xüsusi qeyd etdi. Maraqlıdır, bu problemlərin başlıca səbəbi nədən qaynaqlanır?

Bəzi idman federasiyalarında çox ciddi problemlərin olduğuna diqqət çəkən "fanat.az"ın rəhbəri Əlisahib Əliyev "Şərq"ə açıqlamasında bildirib ki, bu problemlərin ən başlıca səbəbi idarəetmə və nəzarətsizliklə bağlıdır. O qeyd edib ki, idarəçilər Azərbaycan bayrağının mötəbər yarışlarda dalğalanmasında maraqlı deyillər:

"Onlar əsas diqqətlərini lazımi şəraitin yaradılmasına və idmançı yetişdirilməsinə yönəltmirlər. Yəni bu məsələdə səbəblər çoxdur. Onlardan ən başlıcası idarəçilik, nəzarətsizlikdir və s. Elə birinci başlayaq idarəçilikdən... Federasiyaların strukturuna nəzər salsaq görərik ki, hər qurumda minimum bir nəfər həmin sahənin - idman növünün parlaq nümayəndəsi var. Parlaq nümayəndə deyəndə, yəni ki, uğur qazanmış keçmiş idmançılardan söhbət gedir. Onların vəzifəsi də kiçik olmur, vitse-prezident, icraçı direktor kimi sanballı "kreslo"da əyləşirlər. Əmma da burdadı. Həmin "vitse"lər, direktorlar səlahiyyət, söz sahibi olmur. Qurumu idarə edənlər, əsasən federasiyaya maliyyə ayıran nazirin adamı, yaxını, qohumu, dostu və s. olur. Belə idarəetmədə isə peşəkar rəyi qəti nəzərə alınmır. Vəzifəyə təyin olunmuş mütəxəssislər görüntü üçün iş başında olurlar. Misal olaraq, AFFA-nı çəkə bilərəm. Vaqif Sadıqov vitse-prezident postundadı, amma nə faydası var Azərbaycan futboluna? Guya o bilmir ki, uşaq futbolu nə deməkdir, bölgələrdə futbolun inkişafı üçün hansı işlər görülməlidir? "Portuqaliyaya, Lüksemburqa yerli məşqçi də uduza bilər. O zaman əcnəbi məşqçi nəyimizə lazımdır" sualını vermək səlahiyyəti olmayan mütəxəssisin, vitse-prezidentin futbolun inkişafına hansı töhfəsi ola bilər ki?".

Ə.Əliyev əlavə edib ki, təkcə futbolda vəziyyət belə deyil, bir çox federasiyalar da bu gündədir:

"İstər cüdosu olsun, istərsə də boksu... Legioner məşqçilər, idmançılar üzərindən milyonlar qazanılır. Orda oturanlara Azərbaycan bayrağının mötəbər yarışlarda dalğalanması maraqlı deyil. Təki pul silməyə yer olsun. Biz uğursuzluğa üzüləndə, onlar sevinir. Bilirsiz niyə? Çünki köhnələri qovub, yeni əcnəbi baş məşqçi, idmançı gətirəcəklər. Özbaşınalıqdı bir sözlə...

Hesabat tələb olunmur, maliyyə nəyə və niyə xərclənib soruşan yoxdu. Cüdo Federasiyası baş məşqçini "günah keçisi" edib yolladı, yerli məşqçilər gətirildi. Dörd il sonra onları yollayıb başqasını gətirəcəklər.

Amma Sadıq Sadıqova heç kim demir ki, sən bu işi bacarmırsan. Olimpiada görün nə vaxtdır bitib, ölkə başçısı federasiyaların işini tənqid edir, amma Boks Federasiyası Olimpiadanın nəticələri barədə iclas keçirməyib, uğursuzluq müzakirə olunmayıb. Halbuki, ən böyük biabırçılıq boksda oldu. Lorenso Sotomayora nakautla qalib gələn azərbaycanlını küsdürüb Rusiya bazarlarına alverə göndərirlər, əcnəbini isə Tokioya aparırlar.

Buna nə ad vermək olar? Belə insanlar vətən, millət, bayraq dərdi çəkən deyil. Onların vətəni cibi, bayrağı isə dollardır".