Canlanma yarandı...

QHT-lərə kiçik qrantlar ayrılacaq

"Vətəndaş cəmiyyəti təşkilatları yaranmış bu fürsəti uğurlu layihələrin icrası üçün istifadə edəcək"


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda Nizamnaməyə uyğun olaraq agentliyin strukturu, işçilərin say həddi və onların əmək haqqının məbləği təsdiq edilib. Toplantıda Agentliyin 2021-ci il üçün kiçik qrantlar müsabiqəsinin elan edilməsi ilə bağlı məsələ də müzakirəyə çıxarılıb. Müşahidə Şurasının üzvlərinin təklifi ilə kiçik qrant müsabiqəsinin hazırlanması, habelə müsabiqə mövzularının müəyyənləşdirilməsi və digər texniki məsələlərlə bağlı işçi qrup yaradılıb.

Sonda QHT-lərin iştirakı ilə 2021-ci il kiçik qrantlar müsabiqəsinin mövzularının müzakirəsinin təşkil olunması qərara alınıb. Xatırladaq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin uzun müddət qrant müsabiqəsi elan etməməsi vətəndaş cəmiyyəti institutu təmsilçilərinin narazılığına səbəb olmuşdu. Bir neçə qeyri-hökumət təşkilatı rəhbərlərinin məsələni gündəmə gətirməsindən sonra mövzu media və sosial şəbəkələrdə geniş müzakirələrə yol açmışdı. 

“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə “Şərq”ə açıqlamasında vurğulayıb ki, vətəndaş cəmiyyəti təşkilatları, ictimai nəzarət, sosial layihələr daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Elə bu məqsədlə dövlət büdcəsindən 2021-ci il üçün QHT layihələrinin maliyyələşməsi məqsədi ilə 4 milyon 395 min 97 manat vəsait ayrılıb. C.Hüseynzadə deyib ki, ötən illərdə devalvasiya, pandemiya və s. problemlər olmasına baxmayaraq, Prezident tərəfindən xüsusi tapşırıq verilib ki, heç bir sosial layihə təxirə salınmasın:

“QHT-lərin fəaliyyəti sosial sektorun bir seqmenti olduğu üçün ayrılan vəsait hər zaman artırılıb. Biz də çalışmışıq ki, etimadı fəaliyyətimizlə doğruldaq. QHT Şurasının ləğvi və onun əsasında agentliyin yaranması ilə müəyyən texniki problemlər ucbatından gecikmələr oldu. Dövri qrant müsabiqələri elan edilmədi. Vətəndaş cəmiyyətinin aktiv nümayəndələri kimi məsələni gündəmə gətirərək müvafiq qurumların prosesləri sürətləndirməsinin vacibliyi ilə bağlı çağırış etdik. Sevindirici haldır ki, bu çağırışlara tez zamanda müsbət münasibət göstərildi. Artıq texniki və s. maneələr aradan qaldırılıb. Müsabiqənin elan olunması istiqamətində atılan addımı alqışlayıram. QHT-lərin fəaliyyəti ilə bağlı maliyyə çatışmazlığının aradan qaldırılması istiqamətində bu qərar qismən də olsa mühüm rol oynayacaq. İlin sonu olmasına baxmayaraq, müsabiqənin təşkilində heç bir problem ola bilməz. Ölkəmizdə bu sahə üzrə kifayət qədər ekspert var. Çox güman, həmin ekspertlər prosesə cəlb olunacaq”. 

Elan olunacaq müsabiqənin kiçik qrantlar olduğunu nəzərə alan QHT sədri layihələrin icrasının müddəti ilə bağlı hansısa problem yaşanmayacağını söyləyib:

“Beynəlxalq təcrübədə layihənin icrası ilə bağlı fəaliyyətlərin növbəti ildə davam etməsi təcrübəsi geniş yayılıb. Ölkəmizdə də belə təcrübə var. Layihələrin icrası ilə bağlı maliyyə vəsaiti 2 dəfəyə hissə-hissə ödənilir. Mümkündür ki, ilkin vəsait bu il, qalıq vəsait isə növbəti ildə ödənilsin. Ümumilikdə qalıq vəsaiti 2022-ci il QHT-lər üçün nəzərdə tutulacaq büdcə vəsaitinə əlavə etmək mümkündür. Mexanizmlər çoxdur. Hesab edirəm ki, mütəxəssislər optimal variant tapacaqlar. Vətəndaş cəmiyyəti təşkilatları da yaranmış bu fürsəti uğurlu layihələrin icrası üçün istifadə edəcək”. 

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli də “Şərq”ə deyib ki, Müşahidə Şurası üzvlərindən ibarət İşçi Qrupu kiçik qrantlar müsabiqəsinin təşkili ilə əlaqədar bütün detallar üzərində işləyir:

“Bura müsabiqə mövzularının müəyyənləşməsi, layihə təkliflərinin qəbulu, ekspertizası, qiymətləndirilməsi, müqavilələrin bağlanması, qrant vəsaitlərinin köçürülməsi və başqa məsələlər daxildir. İlkin təhlillərimiz göstərir ki, bütün bu işləri həyata keçirməyə imkanlar var. Müşahidə Şurası da hesab edir ki, işlərin sürətini daha da artırmaqla və mövucd resurslardan səmərəli yararlanmaqla kiçik qrantlar müsabiqəsinin təşkili mümkündür. Həmçinin, işimizi elə quracağıq ki, QHT-lərin həm layihə təklifləri hazırlamağa, həm də layihələri icra etməyə kifayət qədər zamanları olsun. Agentlik çalışır ki, ümumilikdə,  qrant müsabiqələrinin təşkili prosesi və prosedurları asanlaşsın. Mümkün qədər bürokratiyadan azad olsun, şəffaflıq və hesabatlılıq təmin edilsin. Ən vacibi isə cəmiyyət və dövlət həyatının aktual məsələləri ilə bağlı mövzuların müəyyən olunmasıdır”. 

Z.İbrahimli qeyd edib ki, prioritet istiqamətlərdən biri 44 günlük Vətən müharibəsi, erməni işğalının nəticələri, əhaliyə, mülki infrastruktura, ekologiyaya, iqtisadi potensiala, mədəni irsimizə dəyən ziyandır: “Həmçinin, qəhrəmanlarımız, şəhidlərimiz, qazilərimizin döyüş yolu, sosial müdafiə tədbirləri ilə əlaqədar məsələlərdir. Şübhəsiz ki, 2021-ci ildə kiçik qrantlar müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı QHT-lərin fikirləri də dinləniləcək. Onları narahat edən məsələlər işçi qaydada həll olunacaq. Müsabiqədə iştirak üçün maksimum əlverişli şərait təmin olunacaq”.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə də bəyan edib ki, demokratik idarəçilikdə insanları birləşdirən fəaliyyət sistemlərindən biri də qeyri-hökumət təşkilatlarıdır. Ekspert bildirib ki, müxtəlif istiqamətlərdə fəaliyyət göstərən QHT-lər vətəndaş cəmiyyətinin formalaşması, müxtəlif sahələr üzrə maarifləndirmə işləri, sosial sferada mühüm layihələr həyata keçirir:

“Qeyri-hökumət təşkilatları ötən müddət ərzində səmərəli fəaliyyət göstəriblər. Vətəndaş cəmiyyətinin inkişafına töhfələr veriblər. 2008-ci ildən bu yana dövlətimiz ictimai fəalların dövlətçiliyin və vətəndaşların maraqlarının müdafiəsi yönündə atdığı addımlara dəstək verir. Təşəbbüslərin həyata keçirilməsi üçün qeyri-hökumət təşkilatlarına maliyyə yardımı göstərilir. Bu siyasət hazırda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti ilə davam etdirilir. Agentlik ilin sonunda kiçik qrantlar müsabiqəsini elan etməklə QHT-lərin aktivliyini daha da artıracaq. İnanırıq ki, cəmiyyət üçün taleyüklü məsələlər kiçik qrantlar müsabiqəsinin mövzularına daxil ediləcək. Fikrimizcə, vətəndaş cəmiyyətinin informasiya müharibəsi üzrə fəaliyyətini aktivləşdirmək faydalı olardı. Komanda şəklində və koordinasiyalı fəaliyyət daha effektiv nəticə verir. Bununla bağlı strateji fəaliyyət modellərimiz var”.