Heç kim boşuna əndişələnməsin

Siyasi partiyalar haqqında qanun layihəsinə qarşı gözdənsalma kampaniyası aparmaq doğru deyil

"Partiya sədrlərinin narahatlıqları, təklifləri Ədalət müəllim tərəfindən “top-tüfəng”lə yox, çox normal şəkildə və təmkinlə qarşılandı"

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə ölkədə fəaliyyət göstərən partiyaların “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda görüşü keçirilib. Görüşdə bir çox mühüm məsələlərlə yanaşı, “Siyasi partiyalar haqqında” qanun layihəsi də müzakirə mövzusu olub. Administrasiyanın şöbə müdiri qeyd edib ki, yeni qanun layihəsinə dair siyasi partiyalar tərəfindən təqdim olunmuş təkliflər müzakirə edilməkdədir. “Siyasi partiyalar haqqında” qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəsi gözlənilir. İctimaiyyətdə, xüsusən siyasi təşkilatlar çərçivəsində isə müzakirələr indidən başlayıb. Parlamentdə təmsil olunmayan müxalif partiyalar yeni qanun layihəsinin onların maraqlarına cavab verməyəcəyindən narahatlıq ifadə edirlər. 

Vurğulanan məqamla bağlı fikirlərini “Şərq”lə bölüşən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov ilk növbədə özünün də iştirak etdiyi mühüm görüşlə bağlı danışıb. Partiya rəhbəri bildirib ki, adından da göründüyü kimi sözügedən konfrans günümüz üçün olduqca əhəmiyyətli bir məsələyə, siyasi partiyaların 44 günlük Vətən müharibəsindəki Zəfərdən sonra formalaşmış yeni reallıqlarda yeri və roluna həsr olunmuşdu:

“Görüşün təşkilinə görə hörmətli Ədalət Vəliyevə təşəkkürlərimi bildirirəm. Siyasi partiyaların ölkə əhəmiyyətli məsələlərin müzakirəsi və dialoq mühitinin dərinləşdirilməsi məqsədilə bu formatda vaxtaşırı bir araya gətirilməsi müsbət ənənəyə çevrilməkdədir. Postmüharibə dövründə bu cür geniş tərkibdə müzakirələrə hava-su kimi ehtiyac var.

Konfrans olduqca səmimi atmosferdə keçdi və səmərəli müzakirələrlə, aktual təkliflərlə yadda qaldı. Parlamentdə təmsil olunmayan, əsasən də müxalif siyasi təşkilatların yeni qanun layihəsi ilə bağlı mülahizələrinə normal baxıram.

Demokratik şərait hər bir siyasi partiya rəhbərinə və ya təmsilçisinə öz fikirlərini açıq şəkildə dilə gətirməyə, ictimailəşdirməyə imkan verir. Həmin partiyalardan çoxu tədbirdə iştirak edirdi. Bəzi partiya sədrləri “Siyasi partiyalar haqqında” əvvəlki qanun barəsində də, yeni qanun layihəsi haqda da öz fikirlərini bölüşdülər. Narahatlıqlarını və ya təkliflərini dilə gətirdilər.

Onların fikirləri, təklifləri konfransın təşkilatçısı Ədalət müəllim tərəfindən “top-tüfəng”lə yox, çox normal şəkildə və təmkinlə qarşılandı. İnsaf naminə onu da demək lazımdır ki, Ədalət müəllim natiqlər tərəfindən səsləndirilən bütün önəmli təklifləri şəxsən özü qeyd edirdi. Çıxışının sonunda xüsusi olaraq bildirdi ki, bütün təkliflər cənab Prezidentə məruzə ediləcək.

Yəni demək istədiyim odur ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hələ ortaya gəlməmiş, müzakirəyə təqdim edilməmiş heç kim boşuna əndişələnməsin. İndidən qərəzli şəkildə bədbin proqnozlarla çıxış etməyin mənası yoxdur. Yeni qanun layihəsinə qarşı gözdənsalma kampaniyası aparmağa lüzum görmürəm”.  

Ə.Hüseynov vurğulayıb ki, əgər söhbət radikal müxalifətdən gedirsə, onlara onsuz da nəyisə bəyəndirmək mümkün deyil:

“Radikalların “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin mahiyyəti, məzmunu barədə nə düşündükləri opponentləri üçün elə də əhəmiyyət kəsb etmir. Sizi inandırıram ki, hətta Avropa Birliyi (AB) ekspertlərinin iştirakı və tövsiyələri ilə hazırlanmış ən demokratik qanun layihəsini də onlara təqdim etsəniz, layihədə nəsə “əmma” tapacaqlar. Çünki total inkarçılıq onlarda xroniki və pataloji hal alıb. Görüşdə səsləndirilən fikirlər və təkliflər əsasında əminliklə deyə bilərəm ki, iqtidarla müxalifət arasında formalaşmaqda olan yeni siyasi mədəniyyət cəmiyyəti və siyasi qüvvələri narahat edən istənilən məsələni və ya problemi konstruktiv şəkildə, sivil formada müzakirə etməyə və birgə çıxış yollarını tapmağa imkan verir”.