Cinayət hadisələri artıb! – “Vəziyyət daha da pisləşəcək”

Bakıda dəhşətli qətl hadisəsi baş verib. 39 yaşlı Teyyubov Vüqar Aqil oğlu yaşadığı evdə öldürülüb. Məlumata görə, onu öz övladları qətlə yetirib. Hadisənin hansı səbəbdən baş verməsi isə məlum deyil.
Səbəbindən asılı olmayaraq, bir atanın öz övladları tərəfindən öldürülməsi dəhşətvericidir. Cəmiyyətdə bu kimi halların artması, hələ də ailə üzvləri arasında kriminal olayların yaşanması isə qorxuducudur.

Məsələni “Sherg.az”a dəyərləndirən sosioloq-alim Əhməd Qəşəmoğlu qeyd edib  ki, cəmiyyət günü-gündən mürəkkəbləşir və insanlar həssaslaşırlar:

“Belə bir vaxtda cəmiyyətdə prosesləri başlı-başına buraxmaq olmaz. Elmin köməyi ilə bu olaylar  idarə olunmalıdır. Ümumiyyətlə, cəmiyyətdə maddi dəyərlər öndə olanda problemlər çoxalır. Mənəvi dəyərlər öndə olanda toplum özünü tənzimləyir. Bu, cəmiyyətin fəaliyyət prinsipidir. Ona görə bütün dini kitablar təbliğ edirlər ki, mənəvi dəyərlərə önəm verin. Ailədə də eynən belədir. Maddi dəyərlər ön planda olanda gərginlik yaranır. Həmin ailəni araşdırsanız, görəcəksiniz ki, uzun müddət mənəvi dəyərlər arxa plana keçib. Bütün günahı ailənin üzərinə yıxmaq olmaz, cəmiyyət də suçludur. Normal cəmiyyətlərdə əsl sosioloqlar, sosial işçilər yetişdirirlər, elmi mərkəzlər yaradırlar. Bunlar olmasa, vəziyyət daha da pisləşəcək. Çünki lazımi şəkildə bu işlə məşğul olmuruq. Bu cəmiyyətin tələbidir və  qarşılanmalıdır. Əks halda çox eybəcər hallarla rastlaşa bilərik”.