İntiharın yaşı "cavanlaşıb"

...İnsanlar yanlış fikirləşirlər ki, bəlkə o biri dünya daha gözəldir

Lənkəranda 16 yaşlı Murad Tahirov özünü evin həyətində asıb. Onun nəşi səhər saatlarında aşkarlanıb. Bir digər intihar hadisəsi isə Xaçmaz rayonunda baş verib. 9 yaşlı uşaq atasının intiharından iki ay sonra canına qəsd edib. 2012-ci il təvəllüdlü Ramal Qeybullayev özünü asaraq öldürüb. Bir müddət öncə də 15 yaşlı Aqşin sevdiyi qız başqası ilə nişanlandığı üçün intihar yolunu seçib. 
Bir sözlə, intiharın yaşı “cavanlaşıb”, hətta “uşaqlaşıb”.

Azyaşlıların intihar etmə səbəbləri haqda “Şərq”ə danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin  müəllimi, psixoloq Gülər Məmmədova deyib ki, canaqəsd halların baş verməsi insan psixikasında yaranan ciddi problemlərlə əlaqəlidir:

“Azyaşlılar bu addımı şüurlu şəkildə atmasalar da, kökündə başqa səbəblər dayanır. Özünü həmin an çarəsiz, köməksiz hiss edir və bu yola əl atır. Ona görə valideynlər uşaqlarla daim ünsiyyətdə olmalı, övladları ilə dünyagörüşü tam inkişaf etməmiş söhbətlər aparmalıdırlar. Uşaqlar hələ həyatı tam başa düşmürlər, çətinlik çəkirlər. İntiharın digər səbəbi  ailədə yaşanan neqativ hallar da ola bilər. Ailələr uşaqların psixologiyasına ciddi yanaşmalıdırlar. Valideyn övladının istəklərinə, problemlərinə, maraqlarına bələd olmalıdır. Onun ünsiyyətdə olduğu adamları tanımalı, hansı oyunlara meyl göstərib, sevdiyini bilməlidir. Bu prosesləri mütəmadi izləməlidirlər. Uşaq bu fikri kimdənsə eşidir və ağlında qalır. Fikirləşər ki, o biri dünya daha gözəldir. Məhz buna görə, uşaqlara, xüsusilə də yeniyetmələrə qarşı diqqətli  olmaq lazımdır”.