Millət vəkili yaxşı olar ki, uşaq pullarının ödənməsi, analıq məzuniyyətinin müddəti ilə bağlı məsələ qaldırsın


Millət vəkili qadın əməyinin qiymətləndirilməsinin həllini  ailə daxilində axtarmamalıdır

Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin "ev işlərinə görə kişilər qadınlara əmək haqqı verməlidilər" sözləri əsl zəlzələ effekti yaratdı. Təəccüb edənlər, sevinənlər, “qara bağlayanlar”, inanmayanlar da oldu. Sevinənlərlə “qara bağlayanlar” məlumdu: birincilər evdar qadınlar, ikincilər qeyri-evdar kişilər. “Necə yəni, kişi ev işlərinə görə qadına pul verməlidi?!. Qadın ev işləri görmək üçündü də!..” təfəkküründə olanlar lap əsəb keçirdi. 

Amma yaxşı ki, anlaşılmazlığın ömrü qısa oldu. Musa Quliyev fikirlərinin yanlış anlaşıldığını, səhv başa düşüldüyünü söyləyərək kritik vəziyyəti yumşaltmağa çalışdı. Ancaq deyəsən, vəziyyət yumşalmayıb. Çünki müzakirələr hələ də davam edir. Musa müəllimin izahatı belə idi: "... çıxışım zamanı söylədiyim bir tezis saytlarda və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Müzakirəyə qoşulan və rəy bildirənlərin mövqeyindən asılı olmayaraq bu fikrin diqqət çəkməsi məni sevindirir.  Əmək haqqına münasibətdə də kişi əməyinə nisbətən qadın əməyinin diskriminasiya olunduğunu söyləmək olar. 

Dünyada hər bir dollar kişi əməyinə, yetmiş yeddi sent qadın əməyi qiymətləndirilir. Ev işlərinin, ailə təsərrüfatının idarə olunmasının, ailə üzvlərinə qulluq kimi haqqı ödənilməyən iş saatlarının 77 faizi qadınların payına düşür. 

 Azərbaycanda qadınların orta əmək haqqı kişi əməyinin yalnız 63,3 faizini təşkil edir. Bu rəqəm elmi-texniki fəaliyyət sahəsində 47,6 faiz, maliyyə və sığorta fəaliyyəti sahəsində 59,2 faiz, emal sənayesi sahəsində 63,8 faiz, səhiyyə və sosial xidmətlər sahəsində 63,9 faiz, təhsil sahəsində isə 79 faiz təşkil edir. Qadın sahibkarlığına ölkədə kifayət qədər dəstək verilməsinə baxmayaraq, hələ də sahibkar qadınların sayı kişilərdən 3,7 dəfə azdır. Əgər 836 679 nəfər kişi fərdi sahibkarlıqla məşğul olursa, qadınların sayı 225 858 nəfər təşkil edir”. 

Millət vəkili deyib ki, söylədiyi fikirlə bu arqumentləri qüvvətləndirmək niyyəti güdüb: "Bu fikri birbaşa qəbul etmək ciddi adamların ağlına da gəlməyəcək. Məqsədim məişətdə qadınlarımızın zəhmətinə qiymət vermək, onların əməyinin nə qədər dəyərli olduğunu cəmiyyətin diqqətinə çatdırmaq idi. Bu qiymət isə  qadına daha çox hörmət bəsləmək, onun qədir-qiymətini bilməkdən ibarət ola bilər!”. 

Sosioloq Lalə Mehralı da bu fikirdədir ki, millət vəkilinin fikirləri düzgün anlaşılmayıb, lakin bu məsələdə Musa müəllimin də “günahı” var:

- Musa müəllim bir çox deputatlardan fərqli olaraq sərrast fikir yürüdən, dəqiq ifadələr işlədən millət vəkilidir. Onun sözügedən açıqlamasına mən də təəccüb etdim. Sonrasa özü geniş izah verdi, lakin yenə də dəqiqlik əldə edilmədi. Bütün hallarda qadına ev işlərinə görə maaş verilməsi çirkin görünür. Bu, ümumiyyətlə, qadına, ailə dəyərlərinə yaraşmayan  söhbətdir. Ev işlərini paylaşmaq olar. Normal ailələr, həyat yoldaşlarının qədrini bilənlər, ona ilk növbədə qadın olduğu üçün hörmət edənlər evin ağır işlərini könüllü olaraq öz üzərlərinə götürür.  Amma ailələr fərqlidir. Evin xanımı və ya bəyi işləyən insanlar ola bilər. Bəlkə kişinin işi ağırdır, evdə xanımı onu çətin, ağır işlərdən özü azad edir. Hamımız bilirik ki, Azərbaycan qadını fədakardır. O özü ailənin yükünü zərif çiyinlərinə alır. Ailə bir-birinə dayaq olmaqdır. Azərbaycan ailələri qanunsuz, sənədsiz-filansız  biri-birlərinə dayaq olmağı bacardıqları üçün uzun illər birgə həyat sürür, birgə yaşlanırdılar. Doğrudur, indi qızlarımız daha tələbkardır. Həyat yoldaşlarını ev işlərinə cəlb etməkdən çəkinmirlər. Və haqlıdırlar da. Tavan, pəncərə silmək, pərdə asmaq, ağır ev əşyalarını qaldırmaq (bu siyahıya əvvəllər ət çəkmək də daxil idi, mexaniki ətçəkənlər dönəmində) qadının işi deyil. Hətta bazarlıqları da çox zaman kişilər edir. Amma deyək ki, qadın hansısa işdə həyat yoldaşına kömək edirsə, deyək ki, ev təmirində, bu o demək deyil ki, qadın istismar edildi. Ailə birgəlik deməkdir. Sadəcə, normal, qarşılıqlı sayğı duyulan ailələrdə iş bölgüsü problemi  yaşanmır. 

L.Mehralı bildirdi ki, millət vəkilləri qadın əməyinin qiymətləndirilməsinin həllini  ailə daxilində axtarmamalıdır:

- Millət vəkilləri yaxşı olar ki, uşaq pullarının ödənməsi, analıq məzuniyyətinin müddəti, hamiləlik riski nəzərə alınaraq analıq məzuniyyətinin vaxtının uzadılması, südəmər körpəsi olan qadınlara güzəştlərin, məsələn, qısa iş saatlarının tətbiqi, qadınların təqaüd yaşının azaldılması… qadınlara dəyər verilməli olan o qədər məsələlər var, həllini gözləyir, onu qaldırsın. Evdar qadınlara analıq haqqı təyin edilə bilər. Bu qadınlar dövlətimiz, cəmiyyətimiz üçün övlad böyüdür. 

Bütün bu məsələlərin həll yolları tapılsın. İnanın, bu məsələlərdən hansısa birini qaldıran deputatın şəklini hamı statusuna qoyar. Qadına ev işlərinə görə əmək haqqı ödənməsi absurddur. Bu, ailə daxilində işçi – müdir münasibətləri yaradır. Bir yerdə ki, məhrəmlik var, orada haqq ödəmək söhbəti olmamalıdır.